Milli Məclisdə vəkillərin pensiya təminatı ilə bağlı məsələ müzakirə ediləcək

Milli Məclisdə vəkillərin pensiya təminatı ilə bağlı məsələ müzakirə ediləcək “Bu gün vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur. Bu mənada digər peşə sahiblərinə tətbiq olunan yanaşma vəkillərə də təmin olunmalıdır. Eyni zamanda vəkillərin pensiya təminatı ilə bağlı probleml
Milli Məclis
24 Noyabr , 2021 12:05
Milli Məclisdə vəkillərin pensiya təminatı ilə bağlı məsələ müzakirə ediləcək

“Bu gün vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur. Bu mənada digər peşə sahiblərinə tətbiq olunan yanaşma vəkillərə də təmin olunmalıdır. Eyni zamanda vəkillərin pensiya təminatı ilə bağlı problemlər var. “Əmək pensiyaları haqqında” qanunda prokurorluq, məhkəmə və s. orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da, vəkilliyə münasibətdə nədənsə bu yanaşmanı görmürük”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat dövlət hesabına hüquqi yardıma ayrılan vəsaiti də gündəmə gətirib: “Əvvəllər dövlət hesabına hüquqi yardım üçün vəkilə ödənilən məbləğ 2 manat idi. Prezident böyük humanistlik göstərərək sərəncam imzaladı və Nazirlər Kabinetinə bu məbləğin artırılması tapşırıldı. Hökumət də həmin ilin mayında bu vəsaiti üç dəfə artıraraq 6 manata çatdırdı. Bir daha deyim ki, dövlət başçısı artımla bağlı konkret rəqəm ifadə etməmişdi. Artırılan məbləğə nəzər yetirsək, faktiki olaraq xərcləri çıxanda dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanmır, əksinə, bəzən əlavə xərclərin altında qalır. Bu mənada hökumətdən xahiş edirəm, Prezidentin tapşırığını rəhbər tutaraq ödənişsiz hüquqi yardıma görə dövlət hesabına ödənilən məbləğə bir də baxsın. İndiki halda bu məbləğin azı 2 dəfə artırılması, habelə dövlət hesabına yardımlar üzrə ödənilən vəsaitin vergi və ödənişlərdən azad edilməsi zərurətdir. Mən demirəm vəkil vergi verməsin, amma heç olmasa dövlət hesabına yardım üzrə məbləğ vergidən azad olunmalıdır. Vəkilin vergi yükünün azaldılması, dövlət hesabına hüquqi yardıma görə ödənişin vergidən azad edilməsi, vəkillərin pensiya təminatının vəkil adına layiq formada həlli xərc yox, bizim üçün yeni perspektivlər deməkdir. Güclü vəkillik insan hüquq və azadlıqların səmərəli təmini deməkdir, güclü ədalət mühakiməsi deməkdir. Güclü müstəqil vəkillik və müstəqil məhkəmə isə iqtisadi inkişaf, investisiyaların cəlbi üçün həlledici amillərdən biridir. Bu mənada mən hökumət üzvlərindən xahiş edirəm problemə diqqət yetirilsin”.

B.Məhərrəmov bildirib ki, mediasiya institu hələ yeni formalaşır: "Bu mənada ilkin yardım və dəstəyin olması vacibdir. Bir müddət öncə Vəkillər Kollegiyası təsisata müəyyən yardım etdi. Hesab edirəm ki, hökumət yaxın bir, yaxud iki il ərzində mediasiya strukturlarına yardım edərək təsisatları gücləndiməlidir. Habelə mediatorların güzəştli pensiya təminatı da diqqət yetirilməli vacib problemlərdəndir”.

Spiker Sahibə Qafarova isə deyib ki, indi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə bu məsələni danışıb: “Əli müəllim dedi ki, yaxın vaxtlarda bu məsələ müzakirə ediləcək”.

Son xəbərlər

Orphus sistemi