Milli Məclis yaşayış məntəqələrinin müfəssəl planının məcburi tətbiqi müddətini daha bir il uzadıb

Milli Məclis yaşayış məntəqələrinin müfəssəl planının məcburi tətbiqi müddətini daha bir il uzadıb Müfəssəl planın məcburi tətbiqi 2019-cu ildə həyata keçirilməsi planlaşdırılır
Milli Məclis
1 Fevral , 2018 13:58
Milli Məclis yaşayış məntəqələrinin müfəssəl planının məcburi tətbiqi müddətini daha bir il uzadıb

Bakı.1 fevral. REPORT.AZ/ Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb.

"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanununa təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Şəhərsalma və Tikinti Məcəlləsinin 23.1-ci maddəsində müəyyən edilir ki, müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur.

Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və bir sıra şərtlərin birgə mövcud olduğu hallarda yol verildiyi müəyyən edilsə də, Məcəllənin 75-ci və 80-ci maddələrində tikinti obyektinin inşasına icazənin məhz müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verildiyi göstərilir.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanununun 2.2-ci maddəsində tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən 5 il sonra tətbiq edilməsi nəzərdə tutulur.

Hal-hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb. Beləliklə, müfəssəl planın məcburi tətbiqi 2019-cu ildə həyata keçirilməsi planlaşdırılır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi