İlkin nəticələri açıqlanmayan 3 seçki dairəsi üzrə lider namizədlər müəyyənləşib

İlkin nəticələri açıqlanmayan 3 seçki dairəsi üzrə lider namizədlər müəyyənləşib Bir dairədə vəziyyət tam aydınlaşmayıb
Milli Məclis
2 Noyabr , 2015 10:28
İlkin nəticələri açıqlanmayan 3 seçki dairəsi üzrə lider namizədlər müəyyənləşib

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə qalan 3 seçki dairəsi üzrə lider namizədlər müəyyənləşib, bir seçki dairəsində lider namizədlə bağlı məsələ isə hələ tam aydınlaşmayıb.

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzindən "Report"a verilən məlumata görə, saat 04:00-a qədər 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə 46 seçki məntəqəsindən 21 seçki məntəqəsi (45 faiz) hesabat verib.

Bitərəf namizəd Bəxtiyar Əliyev hesabat verilən məntəqələrdə səslərin 68 faizini (3478) toplayıb. Ən yaxın izləyicisi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Gülnar Abbasova 728 səs toplayıb və 118 saylı Ağdam seçki dairəsində qalan seçki məntəqələri üzrə səslərin sayılmasından sonra lider namizədin dəyişməsi gözlənilmir.

121 saylı Laçın seçki dairəsində də hakim partiyanın namizədi Mahir Abbaszadə 75,2 faiz, yəni 5 min 569 səslə lider mövqedədir. Bu seçki dairəsində 102 məntəqədən 35 seçki məntəqəsi hesabat verib. M. Abbaszadəyə ən yaxın namizəd bitərəf Mayıl İlyasovdur. M.İlyasov 35 seçki məntəqəsində yalnız 594 səs toplayıb. Kəskin səs fərqi səbəbindən bu dairədə də seçki məntəqələrinin hamısının hesabat verməsindən sonra lider namizədin dəyişməsi gözlənilmir.

54 saylı Şabran–Siyəzən Seçki Dairəsində YAP-ın namizədi Tahir Süleymanov 70 seçki məntəqəsindən 17 seçki məntəqəsinin hesabat verməsindən sonra liderdir. T.Süleymanov 71,2 faiz, yəni 3398 səslə birinci yerdə qərarlaşıb. Hesabat verən məntəqələrin sayı cəmi 17 olsa da, T.Süleymanova ən yaxın bitərəf namizəd Elza Qasımova (Seyidcahan) cəmi 610 səs toplayıb. Bu da bu seçki dairəsində lider namizəd T.Süleymanovun seçki məntəqələrinin hamısının hesabat verməsindən sonra da mövqeyini dəyişməyəcəyini göstərir.

35 saylı Xətai seçki dairəsi üzrə 33 seçki məntəqəsindən 6 seçki məntəqəsi, yəni seçki məntəqələrinin cəmi 18 faizi hesabat verib. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 6 seçki məntəqəsinin hesabatına əsasən 44,7 faiz, yəni 1817 səslə birinci yerdə qərarlaşıb. Ümid Partiyasının sədri İqbal Ağazadə 1078 səslə ikinci yerdə qərarlaşıb. Seçki məntəqələrinin yarısı, yaxud yarıdan çoxu hesabat vermədiyi, birinci və ikinci yerdə qərarlaşan namizədlər arasında səs fərqi kəskin olmadığı üçün bu seçki dairəsi üzrə lider namizədlə bağlı məsələ hələ birmənalı müəyyən deyil.

Son xəbərlər

Orphus sistemi