“32 il əvvəl - 1990-cı il sentyabrın 3-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi dövlətçilik tariximizdə yeni bir səhifənin başlanğıcı oldu. Dövlətçiliyimizin memarı, ulu öndərin birbaşa rəhbərliyi altında müstəqil dövlət quruculuğunun zəruri və təxirəsalınmaz məsələləri məhz o zaman həllini tapdı”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, əsası qoyulmuş müstəqil dövlət quruculuğu və qəbul edilən tarixi qərarlar o zaman ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı:
“Fenomen şəxsiyyət Heydər Əliyev Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Şərqin Qapısında daim yaşadılmış Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq yaratdı.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyi və mənəvi bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Bu gün ona görə qüdrətliyik ki, ölkəmiz 30 il əvvəlki parçalanmaq, dağılmaq təhlükəsindən qurtulub”.
Deputat vurğulayıb ki, ümummilli liderin ən böyük əsəri olan müstəqil Azərbaycan dövləti onun ən layiqli varisi Prezident İlham Əliyevin liderliyi ilə dünyanın sayılıb-seçilən ölkəsinə çevrilərək taleyinin xoşbəxtliyini yaşayır, sürətli inkişaf yolundadır:
“Bu yolun ən şərəfli tarixi başlanğıcı 31 il əvvəl ümummilli liderin Naxçıvanda siyasi liderlik, xilaskarlıq missiyasına başlamasıdır.
Şübhəsiz ki, bu işıqlı yolun memarı xalqımızın sevimli və əbədi lideri Heydər Əliyevdir. Bu yol müstəqilliyimizin, inkişafımızın, birliyimizin, bütövlüyümüzün xəritəsi, kompasıdır. Könlümüzün xəritəsi ulu öndərin bizə miras qoyduğu Vətəndir. Vətən – Azərbaycan, Azərbaycan isə hər birimizə dahi Heydər Əliyevin ən müqəddəs əmanətidir”.