Əli Əhmədov: "Parlament seçkiləri demokratik, ədalətli və şəffaf keçirilib"

Əli Əhmədov: "Parlament seçkiləri demokratik, ədalətli və şəffaf keçirilib" YAP sədrinin müavini: "Səsvermə ciddi qanun pozuntusu olmadan baş tutub"
Milli Məclis
1 Noyabr , 2015 20:51
Əli Əhmədov: Parlament seçkiləri demokratik, ədalətli və şəffaf keçirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ "Milli Məclisə seçkilər Azərbaycan parlamentinin qəbul etdiyi qanunvericilik aktlarına uyğun, demokratik, ədalətli və şəffaf keçirilib. Bunu qəti əminliklə söyləmək mümküdür".

"Report" xəbər verir ki, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, seçicilər səsvermədə kifayət qədər fəal iştirak ediblər: "Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, səsvermədə 55 faiz seçici iştirak edib. 5 il bundan əvvəl keçirilən seçkidə seçicilərin 50 faizdən azı, yəni 49,6 faizi iştirak etmişdi. Bu dəfə keçirilən seçkidə səsverən seçicilərin sayı artıb. Parlament seçkiləri normal şəraitdə keçib. Bütövlükdə seçkinin gedişi və vacib hissəsi olan səsvermə ciddi qanun pozuntusu olmadan baş tutub. Çox xırda, nəticələrə təsir göstərməyən məqamları nəzərə almasaq, seçki sakit və normal şəraitdə keçib. Bu da səsvermənin yüksək səviyyədə təşkil olunmasından xəbər verir".

Ə.Əhmədov deyib ki, YAP seçkidə ən çox namizədlə iştirak edən siyasi partiya olub. O xatırladıb ki, hakim partiya 117 namizəd irəli sürüb, onlardan 2 nəfəri namizədliyini geri götürüb: "Bütün hesablamalar onu göstərir ki, YAP-ın seçkilərdə böyük şansı var. İnanırıq ki, namizədlərimizin böyük hissəsi seçicilərin rəğbətini qazanacaq". 

YAP sədrinin müavini vurğulayıb ki, Azərbaycanda seçkilərin və səsverməsinin gedişini izləmək üçün monitorinqlər aparılıb:

"Artıq nəticələr də elan olunub. Gözləntimizin də ciddi əsasları var. Səhərə yaxın MSK tərəfindən rəsmi şəkildə məlumatlar daxil olacaq. Ümumi mənzərə MSK-nın ilkin elan etdiyi rəqəmlərlə ciddi fərqlənməyəcək. Bu mənada YAP yenə də Milli Məclisdə ən çox deputata malik siyasi partiya olacaq. Yerli və beynəlxalq müşahidəçilər seçkini izləyiblər. Hər bir məntəqədə qanuna uyğun şəkildə müşahidəçilər olub. Seçki kampaniyası yüksək fəallıqla keçib. Seçkilərin baş tutması və normal şəraitdə keçirilməsi cəmiyyətdə ictimai siyasi sabitliyin olmasından xəbər verir. Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət və onun uğurları, ictimai-siyasi sabitlik fonunda Azərbaycan vətəndaşlarında hakimiyyət haqda müsbət fikirlər formalaşdırıb. Səslərin böyük hissəsinin də, YAP-ın namizədlərinə verildiyini güman etmək olar və əminəm ki bu belə də olub".

Son xəbərlər

Orphus sistemi