Yuxarı

Deputatlar: "Müxalifətin mitinqi effekt vermədi"

Bakı. 22 yanvar. REPORT.AZ/ “Mitinqi təkcə media orqanlarından deyil, prosesi şişirdərək “möhtəşəmlik” görüntüsü vuran bəzi şəxslərin “Youtube” hesablarından da izlədim. İnsanların sayında böyük fərq yox idi. Tutaq ki, bundan əvvəlki mitinqə 900-1000 nəfər gəlirdisə, sonuncu mitinqə öncəkindən 2 min insan çox gəlmişdi. Nəzərə alın ki, həmin mitinqdə yalnız Milli Şuranın deyil, eləcə də digər təşkilatların – Müsavat Partiyasının, Real Partiyanın nümayəndələri qatılmışdı. Bu baxımdan, mitinqin çox sönük keçdiyini demək olar”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

O qeyd edib ki, növbəti dəfə mitinq keçiriləcəksə, aktivliyin daha da aşağı düşdüyü müşahidə ediləcək: “Mitinqdə şəhid ailələrinə müraciət etdilər, onların da imkanlarından istifadə olundu. Burada Mehman Hüseynov amili də vardı. Mehman Hüseynova azadlıq tələbini bayraq kimi istifadə etdilər. Əli Kərimli bu cür yollarla özünə tərəfdar yığır. Mitinqdə insanların diqqətini çəkəcək çağırışlar da yox idi. Bəlli insanlar, bəlli çıxışlar, çürük fikirlər... Ona görə düşünmürəm ki, müxalifətin yanvarın 26-da keçiricəyi mitinq bundan fərqli olacaq. Nəzərə alsaq ki, İsgəndər Həmidov çıxışında söylədi ki, müəyyən əxlaqi dəyərləri nəzərə alaraq mitinqdə iştirak etdik, gələcəkdə isə iştirakla bağlı qərar müzakirə olunacaq. Görünən odur ki, İsgəndər Həmidov növbəti mitinqdə iştirak məsələsini götür-qoy edəcək. Düşünmürəm ki, İlqar Məmmədov Əli Kərimlinin liderliyini qəbul edəcək. Müsavat Partiyasının rəhbərinin mitinqdə iştirak etməməsi də partiyanın mövqeyini ortaya qoymuş oldu. Digər partiyaların da mövqeyi bəllidir. Ona görə növbəti mitinqdə kütləvilik təmin olunmayacaq”.

Partiya sədri mitinqdə çıxış edənləri ümummilli məsələlərə toxunmamağa görə qınayıb: “Əli Kərimli yanvarın 19-da mitinq təşkil etdi, amma 20 yanvar faciəsinə münasibət bildirilməlidi. Bu, şübhə doğurur. Nəzərə alın ki, mitinq faciənin ildönümündən 1 gün öncə keçirildi, amma münasibət bildirilmədi. Bu, onların milli-mənəvi dəyərlərdən uzaq olduğunu göstərir. Onlar mitinqi şişirtməyə çalışırlar, mitinqdə onların dediyi qədər kütləvi olmayıb. Bu gün millət nə Sevinc Osmanqızının, nə Qənimət Zahidin, nə də Əli Kərimlinin əsası olmayan çağırışlarına cavab verir. Bu milət böyük kataklizmlərdən keçərək müstəqilliyinin bəhrəsini görməkdədir. Cəmiyyətdə inkişaf, yüksəliş,tərəqqi var. Dövlətimiz getdikcə möhkəmlənir, güclənir, dünyanın aparıcı dövlətlərindən birinə çevrilmək yolunda ciddi addımlar atır. Təbii ki, bununla bərabər nöqsanlar da var. Təbii inkişafdan doğan nöqsanlar müxalifətin dirçəlməsinə imkan vermir. Çünki bu nöqsanları ölkə rəhbərliyi zamanında görür, aradan qaldırır. İlham Əliyev 2018-ci ildə yenidən Azərbaycan xalqının etimadını qazandı, prezident seçildi. Bu müddət sonra ölkəmizə qarşı olan hücumların miqyası genişləndi, anti-Azərbaycan qüvvələr hərəkətə keçiblər ki, daha çox qonorar alsınlar. Söyüş müxalifəti və digərləri Leyla Yunusun yolunu gedirlər. Düşünürəm, o yol əxlaqa söykənən yol deyil. Hər kəs dünyanın istənilən yerində məskunlaşa, həyatını qura bilər. Bəzi insanlar xarici ölkələrə sığınaraq Azərbaycana böhtan atırlar. Onlara azərbaycanlı demək mümkün deyil. Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi kimi ölkədə ciddi struktur dəyişiklikləri edildi. İdarəetmə sisteminin daha da təkmilləşdirilməsi, liberallaşdırılması, korrupsiya və rüşvətxorluğa qarşı geniş şəkil alan struktur dəyişiklikləri anti-Azərbaycan qüvvələri narahat edir. Onlar bundan əndişələnərək mövqelərini kəskin, amansız şəkildə ortaya qoyurlar. Bunun heç bir perspektivi yoxdur. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, hədəflərinə doğru ciddi addımlar atır. Azərbaycan xalqı Prezident İlham Əliyevlə birgə əhəmiyyətli uğurlara imza atmaqdadır. Kimsə Azərbaycanı bu yolda dayandıra bilməz. Bu yolun uğuru ölkə prezidenti ilə xalqın vəhdətindən keçir. Azərbaycan demokratik ölkədir, hər bir siyasi partiyanın fəaliyyəti üçün şərait yaradılıb, sərbəst toplaşmaq azadlığı təmin olunub”.

F.Ağamalı deyib ki, ciddi xarakter daşıyan təhdidlər, təxribatlar planlanırsa, o zaman mitinq keçirilməsinə razılıq verilməməlidir: “Mitinqlərin keçirilməsinə razılıq verilməsi səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətindədir. Onlar da qərar verərkən ölçüb-biçirlər. Əgər ölkə üçün ciddi xarakter daşıyan təhdidlər, təxribatlar yoxdursa, mitinqin keçirilməsinə razılıq verilir. Bu amillər varsa, mitinqin keçirilməsinə yol vermək olmaz, əksinə qarşısı alınmalıdır. Azərbaycanı qeyri-stabil ölkəyə çevirməyə çalışanlara qarşı sərt tədbirlər görülməlidir”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc da “Report”a açıqlamasında mitinqlərlə uğur əldə ediləcəyi ehtimalının az olduğunu deyib: “Müxalifətin sonuncu mitinqində çıxışlarda vurğu ona edilirdi ki, keçmiş “Məhsul” stadionunu doldura bilsəydilər, küçə və meydanları tutardılar, hətta Azadlıq meydanına yön alardılar. Bütün bunlar real deyil axı. Yəni, “İnşaatçıılar” metrostansiyasının çevrəsi strateji obyektlərə hücum üçün əlverişli meydandır. Çünki gərək yüzminlərlə sayda həmin stadionlara çıxasan ki, ölkənin taleyinin fərqli məkanlarda həll olunduğu görünsün, alternativ müstəvilə yaransın. Bilirsiniz, Heydər Əliyevi hakimiyyətə gətirən səbəblər məhz dediyimiz amillər idi. Mənəvi, siyasi hakimiyyət kimdədirsə, o reallıqda öz iqtidarını rəsmiləşdirə bilir. Özləri deyirlər ki, hələ az saydayıq, sonra da iddia edirlər ki, hakimiyyət narahatdır. Bu, bəsit yanaşmadır, qəbuledilməzdir. Müxalifətin birliyindən nəinki heç kəs qorxmur, əksinə, hazırki hakimiyyətin xeyrinə işləyir. Ona görə ki, müxalifət birləşəndə, zəifləyir, gücü sarsılır, çünki bir-birilərinə separatçı kimi baxır. Müsavat Partiyası ilə Əli Kərimli arasında savaşın əsasın 1992-ci ildən qoyulub. Bu gün müxalifət içərisindəki problemlər Qarabağ məsələsindən qat-qat böyükdür. Bu, onların özləri tərəfindən yaradılıb. Xalq o vitrinə hakimiyyət modeli kimi baxmır. Səhnədə olan adamların bir-birlərinə ittihamları mövcuddur. Onlar keçirdiyi mitinqlər dalğa effekti doğurmur”.

Z.Oruc qeyd edib ki, mitinq texnologiyası müxtəlif dövlətlərdə siyasi nəticələr doğurub: “Ona görə ki, insanlar onların qərarları, çağırışları ilə yaşayırdılar. Mitinqin qərarları bütün məclislərdə müzakirə olunurdu. Bu, psixoloji baxımdan çox mühüm məsələdir. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun mövqeyi ilə bağlı demək istərdim ki, polis hər zaman ictimai tədbirlərin təhlükəsizliyini təmin edir. O tədbirlərdə ən çox ağırlıq polis orqanlarının üzərinə düşür, çünki kiçik bir insident hakimiyyətin məqsədli planlı kimi qələmə verilə bilər. Onlar küçələri lokal toqquşma meydanına çevirə bilməzlər. Mirqafar Seyidovun da mövqeyi bu baxımdan qiymətləndirilməlidir. Müxalifət içərlərində olan qorxunu boğmaq üçün müxtəlif fikirlər səsləndirirlər. Siz harada görmüsünüz ki, hakimiyyət hansısa qərarını dəyişə, deyə ki, bu məsələlərlə bağlı fərqli düşünürdük, indi meydanlara çıxan bir milyon insana görə hansısa proqramdan imtina edirik... Belə bir şey yoxdur axı. Heç kəs yanvarın 19-dan əvvəl olan mitinqin tarixini xatırlamır. Çünki hadisəyə çevirilmir, ona görə yadda qalmır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi