Deputat toya gedənləri qınadı: "Bu, cahillikdir"

Deputat toya gedənləri qınadı: "Bu, cahillikdir" “Qanun mənə şamil edilə bilməz” və yaxud “Virus mənə yoluxa bilməz” düşüncəsi eyni məntiqsizliyə söykənir və hər ikisi cahillikdir. Azərbaycanda hüquqi dövlət ona görə yaradılmayıb ki, kimlərinsə qanunu pozmalarını ört-basdır etsin, tam əksinə, ona görə y
Milli Məclis
22 Avqust , 2020 15:32
Deputat toya gedənləri qınadı: Bu, cahillikdir
Hikmət Babaoğlu

“Qanun mənə şamil edilə bilməz” və yaxud “Virus mənə yoluxa bilməz” düşüncəsi eyni məntiqsizliyə söykənir və hər ikisi cahillikdir. Azərbaycanda hüquqi dövlət ona görə yaradılmayıb ki, kimlərinsə qanunu pozmalarını ört-basdır etsin, tam əksinə, ona görə yaradılıb ki, qanunu pozanları hüquqi məsuliyyətə cəlb etsin. Bunu hamıdan yaxşı hüquqşünaslar bilir, ya da bilməlidir. Qanun qarşısında hamı bərabərdir. Ancaq müəyyən sosial zümrə var ki, onlar qanunlara daha ciddi riayət etməklə həm də nümunə yaratmalıdırlar. Bu zümrə cəmiyyətdə yüksək sosial statusa malik olan və müxtəlif strukturlarda vəzifə tutan zümrədir. Çünki onlar daim ictimai diqqətin mərkəzində olurlar və daha çox ictimai məsuliyyət daşıyırlar.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, qanun pozuntusuna görə vətəndaşların hüquqi məsuliyyəti də bir növ kateqoriyalara bölünür. Məsələn, eyni qanun pozuntusuna görə fiziki şəxslər az, vəzifəli şəxslər bir qədər çox, hüquqi şəxslər isə daha çox məsuliyyət daşıyır və uyğun olaraq cərimələnirlər. Dolayısı ilə hər bir vətəndaşın sosial statusu artdıqca, adekvat olaraq onun sosial məsuliyyəti də, qanun qarşısında cavabdehliyi də artır.

Hikmət Babaoğlu qeyd edib ki, hazırda pandemiyaya qarşı mübarizə bizi “karantin rejimi” adlandırdığımız xüsusi rejimdə yaşamağa məcbur edib və bu, ictimai mənafelərimiz baxımından olduqca vacibdir:

“Belə olan halda, Operativ Qərargahın qəbul etdiyi qaydalara riayət etmək hər bir vətəndaşın ümdə vəzifəsinə çevrilir. Belə zamanlarda cəmiyyətdə ictimai həssaslıq daha da artır və ictimai diqqət müvafiq sosial zümrənin üzərinə cəmləşir. Həmin zümrənin nümunəvi olması belə zamanlarda daha da aktuallaşır. Elə bu günlərdə kifayət qədər tanımış insan, Milli Məclisin sabiq deputatı İlham Əliyevin ailəsində təşkil edilmiş toy mərasiminə və orada iştirak edən qonaqların sosial məsuliyyətinə ictimai reaksiyanın belə kəskin olması da haqlı olaraq bununla əlaqədardır”, - deyə deputat bildirib.

“İctimai rəyi emosional şəkildə məşğul edən sual ondan ibarətdir ki, belə həssas bir dönəmdə qadağan olunmuş tədbirin keçirilməsində məqsəd nə idi? Toy edənlər bu hadisənin ictimai rəydə necə kəskin etiraz doğuracağını doğurdan da hesablaya bilməmişdilərmi? Bu hadisənin indiki vaxta ümumi maraqlarımız baxımından kimin lehinə olacağını düşünməmişdilərmi? Bax, təəssüf doğuran məsələlərdən biri də cəmiyyəti belə lüzumsuz bir sualla üz-üzə qoymaqdır. Ona görə də əgər hesab edilibsə ki, bu mərasimdən heç kim xəbər tutmayacaq və buna görə də qanunu gizli şəkildə pozmaq olar, bu, mənəvi sadəlövhlükdür. Yox, əgər bizim bilmədiyimiz daha başqa məqsədlər olubsa, bu, daha da pisdir.

Məsələnin ən xoşagəlməz tərəflərindən biri isə bəzi qonaqların hadisəni qiymətləndirən zaman öz açıqlamaları ilə ictimai rəyi provokasiya etmələridir. “Kimlər çəkib tapılacaq”, yaxud da “Çağırılmışam, necə getməyim?” kimi fikirlər xalqımızın milli mənəvi dəyərlərini istismar etməkdir. Pandemiya bir müharibədir və bu müharibədə hamımız birmənalı şəkildə milli iradəmizin legitim təmsilçisi Prezident İlham Əliyevin yanında olmalıyıq. Hər kəs bilməlidir ki, qanun onu pozanların hamısına - deputatına da, vəzifəli şəxsinə də, aliminə də eyni dərəcədə şamil ediləcək” - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi