“Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur. Müəllim bilmir ki, nəyə istinad etsin, necə hazırlaşsın. Neçə ildir proses gedir, amma onlar üçün əlavə məlumat yoxdur”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müəllim savadlı kadrla yanaşı, həm də pedaqoqdur: “Ola bilər savadı var, amma əxlaqı yerində deyil. Bunu necə göstərəcək?! Elm sahəsində də ciddi işlər aparılmalıdır. Türkologiya və Güney Azərbaycan məsələsinə elmdə yer ayrılmalıdır. Türk dünyası yaradırıq və bunun ədəbiyyatı, tarixi olmalıdır. Bütün nazirliklər akademiya açır, lakin peşə məktəbi açan yoxdur. Peşə məktəbləri olsa, ali məktəbə girmək üçün müraciət də çox olmayacaq. Hər şirkət və təşkilata tapşırıq verilməlidir ki, ciddi texniki peşə məktəbləri açsın”.
Deputat İsa Həbibbəyli həmkarı S.Novruzova cavabında bildirib ki, “Türkologiya” jurnalı heç vaxt çapını dayandırmayıb:
“AMEA-da Cənubi Azərbaycanla bağlı üç şöbə də fəaliyyət göstərir. Hər üç şöbənin fəaliyyətinin gücləndirilməsi Rəyasət Heyətində müzakirə olunub”.
Spiker Sahibə Qafarova Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevə müraciət edərək təklif edib ki, Siyavuş Novruzovu bu cür məlumatları əldə etməsi üçün komitənin iclaslarına tez-tez dəvət etsin.