Qazaxıstanda seçkini müşahidə edən Milli Məclisin deputatı: “Şəffaf keçirilib”

Qazaxıstanda seçkini müşahidə edən Milli Məclisin deputatı: “Şəffaf keçirilib” “Qazaxıstan növbədənkənar prezident seçkilərində səsvermə zamanı müşahidə etdiyimiz məntəqələrdə seçki prosesi kifayət qədər düzgün təşkil edilmişdi, ciddi qanun pozuntusuna rast gəlmədik”.
Milli Məclis
10 İyun , 2019 12:11
Qazaxıstanda seçkini müşahidə edən Milli Məclisin deputatı: “Şəffaf keçirilib”

“Qazaxıstan növbədənkənar prezident seçkilərində səsvermə zamanı müşahidə etdiyimiz məntəqələrdə seçki prosesi kifayət qədər düzgün təşkil edilmişdi, ciddi qanun pozuntusuna rast gəlmədik”.

Bunu “Report”a açıqlamasında səsvermə prosesini müşahidə edən Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili deyib.

T.Mirkişili xatırladıb ki, seçkiləri ATƏT Parlament Assambleyasının müşahidəçilərinin tərkibində izləyib: “Seçkiləri ATƏT PA-nın üzvü olan 21 ölkədən 41 deputat izləyirdi. Müşahidələr Nursultan şəhərinin müxtəlif hissələrində baş tutdu. Şəhərin Qərb hissəsində 15 məntəqədə müşahidə apardıq”.

Deputat qeyd edib ki, müşahidələr məntəqələrin açılmasını, səsvermə prosesini, səslərin sayılması mərhələsini əhatə edib: “İyunun 9-da saat 07:00-dan 19:00-dək insanların səsvermədə aktiv şəkildə iştirakının şahidi olduq. İnsan aktivlik göstərirdilər, mənqətələrə gələrək səs verirdilər. Səsvermə prosesi kifayət qədər yaxşı təşkil olunmuşdu. Bura həm seçici siyahıları, həm siyahıda adı olmayan seçicilərin adının operativ şəkildə siyahıya daxil edilməsi prosesi və s. daxildir. Müşahidə etdiyimiz məntəqələrdə seçki prosesi kifayət qədər düzgün təşkil edilmişdi, ciddi qanun pozuntusuna rast gəlmədik. Bir məntəqədə səslərin sayılması və protokolun tərtib edilməsi prosesində iştirak etdik. Bu proses kifayət qədər şəffaf həyata keçirildi”.

Onun sözlərinə görə, Qazaxıstandan hər kəs anlayır ki, bu, ölkənin tarixində mühüm mərhələdir: “Prezident seçkilərinin nəticəsi ölkənin gələcək inkişaf istiqamətini müəyyən edir. Qazaxıstanda bundan sonra da sabitliyin olması, Nazarbayev siyasi və iqtisadi xəttinin davam etdirilməsini vacib sayırlar, düşünürlər ki, bu xətt Qazaxıstanın inkişafı üçün perspektivlər vəd edir”.

Deputat Qazaxıstanda Azərbaycana münasibətin müsbət olduğunu qeyd edib: “Qazaxıstanda Azərbaycana münasibət kifayət qədər müsbətdir. Müşahidəçi olduğum məntəqələrdə məntəqə üzvləri Azərbaycandan gəldiyimi biləndə, doğma ölkənin nümayəndəsi kimi qarşılayırdılar. Azərbaycanda baş verənlər onlar üçün çox maraqlıdır, soruşurdular, maraqlanırdılar. Düşünürəm, Azərbaycanın siyasi və iqtisadi inkişaf yolu Qazaxıstan üçün nümunəyə çevrilib”.

Xatırladaq ki, Qazaxıstanda keçirilən prezident seçkilərində səsvermənin nəticələrinə əsasən Kasım-Jomart Tokayev 70,76 faiz səslə liderlik edir.

Son xəbərlər

Orphus sistemi