Yuxarı

Şahin İsmayılov: "Bu qüvvələr yəqin gündəmdə qalmağın yollarını axtarır"

Deputat: Müəyyən qüvvələrin pozuculuq fəaliyyəti təəssüf doğurur

588

"Koronavirus pandemiyasının dünyada tüğyan etdiyi bir vaxtda dövlətlər daha effektiv həll yolları axtarır, müxtəlif proqramlar qəbul və icra edir. O cümlədən ölkəmiz də qlobal pandemiyanın fəsadlarının azaldılması və ən əsası, əhalinin sağlamlığının qorunması üçün kifayət qədər səmərəli tədbirlər həyata keçirir. Bu məsələ Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır. Dövlətimizin başçısı ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır. 

"Report" xəbər verir ki, bunları Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.

O, bununla yanaşı bəzi qüvvələrin pozuculuq fəaliyyətinə təəssüflənib:

"Əfsuslar olsun ki, birlik və həmrəyliyin çox vacib olduğu hazırkı zamanda ölkəmizdə müəyyən qüvvələr pozuculuq fəaliyyəti ilə məşğul olur, qeyri-sabitliyə çalışırlar. Nə qədər tragikomik olsa da, “beşinci kolon” üçün budəfəki mövzu koronavirus pandemiyasıdır. Koronavirus mövzusu artıq Azərbaycanın sistemsiz radikal müxalifətinin əsas lideri adını alıb desək, yəqin yanılmarıq".

Deputat deyib: “Görünən odur ki, radikal müxalifət ölkədəki vəziyyəti gərginləşdirmək üçün pandemiya mövzusunu siyasi qeyri-sabitliyə çevirməyə çalışır. “Beşinci kolon” koronavirusu özü üçün xoşbəxtlik kimi qəbul edir. Avropada məhdudlaşdırıcı tədbirlər insanlara qayğı kimi təqdim edilir. Azərbaycan hakimiyyətinin eyni hərəkətləri hüquq və azadlıqların məhdudlaşdırılması adlandırılır”.

Şahin İsmayılov qeyd edib ki, koronavirus səbəbindən “beşinci kolon” öz havadarlarının maliyyə və siyasi dəstəyindən məhrum olub. Buna görə də pandemiya onların sanki varlıqlarının sübutu üçün şansdır: "Bəs normal müxalifəti olan ölkələrdə vəziyyət necədir? Çox uzağa getmədən qardaş Türkiyəyə nəzər salaq. Türkiyənin ana müxalifət partiyası olan CHP, eləcə də İYİ partiyası koronavirusla mübarizədə hökumətə dəstək verdi. Türkiyə müxalifəti Səhiyyə nazirinə, nazirliyin işçilərinə təşəkkür edərək bu dövrdə birlik nümayiş etdirməyin hər şeydən önəmli olduğunu bildirdilər. 

Qonşu Gürcüstanda isə 20-dən çox müxalifət partiyası dünyanın aparıcı ölkələri və beynəlxalq maliyyə qurumlarına müraciət ünvanladı. Müxalifət partiyaları Gürcüstan hökumətinin beynəlxalq maliyyə dəstəyinə çox ehtiyacı olduğunu bildirərək deyirlər: “Beynəlxalq yardım almaq bizim ümumi həyati maraqlarımıza daxildir və bu, həm bugünkü, həm də gələcəkdə formalaşdırılacaq hökumətə ciddi iqtisadi və sosial böhranın öhdəsindən gəlməyə imkan verəcək”.

“Dünya siyasətində belə misallar kifayət qədər çoxdur. Əfsuslar olsun ki, “beşinci kolon” tərəfindən Azərbaycan üçün vacib olan tədbirlər əsnasında sərgilənən bu mövqe növbəti dəfə bilavasitə ölkə əhalisinin sağlamlığı ilə bağlı olan mövzuda göstərildi. Siyasi həyatın tullantıları arasında olan bu qüvvələr yəqin ki, gündəmdə qalmağın yollarını axtarır. Amma unutmaq olmaz ki, siyasi əxlaq var. 

Birlik göstərə bilmirsənsə, susub kənarda dayanmaq lazımdır. Sabah Qarabağı işğaldan azad edəndə mövzu nə olacaq görəsən?”, - deyə deputat vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi