Deputat: "Ermənilərin azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır"

Deputat: "Ermənilərin azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır" "Ermənilər iyun ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində törətdikləri təxribatı hazırda ayrı-ayrı ölkələrdə dinc nümayişlər keçirən azərbaycanlılara qarşı törətməklə sözün əsl mənasında öz terrorçu mahiyyətlərini bir daha ortaya qoyurlar".
Milli Məclis
23 İyul , 2020 17:11
Deputat: Ermənilərin azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır

"Ermənilər iyun ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində törətdikləri təxribatı hazırda ayrı-ayrı ölkələrdə dinc nümayişlər keçirən azərbaycanlılara qarşı törətməklə sözün əsl mənasında öz terrorçu mahiyyətlərini bir daha ortaya qoyurlar".

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu, Ermənistanın terrorçu dövlət olmasının, erməni xarici siyasətinin terrorizmə, vandalizmə və faşizmə söykənməsinin bariz göstəricisidir:

"Azərbaycanlıların öz torpaqlarının erməni işğalından azad edilməsini tələb etməsi onların beynəlxalq hüquqla tanınan haqlarıdır. Bunu dinc etiraz və asayişin qorunması çərçivəsində təşkil etmələri də yaşadıqları ölkələrin qanunlarına hörmət və riayət etmələrinin göstəricisidir. Azərbaycanlıların etirazları tamamilə hüquqa və özünüifadə azadlığına əsaslanan sivil kütləvi etiraz formasıdır. Ermənilərin isə bu cür dinc və hüquqi aksiyalar zamanı azərbaycanlılara hücumlar etməsi əsl zorakılıq, vandalizm və barbarlıqdır. Ancaq işğalçı Ermənistan dövlət sərhədində törətdiyi təxribat zamanı Azərbaycan Ordusu və xalqı tərəfindən aldığı layiqli cavabı həm də beynəlxalq təşkilatlar tərəfindən və vandalizm hərəkətləri etdikləri ölkələrin hüquqi sistemi tərəfindən də almalıdırlar. Əks təqdirdə, aydın görünür ki, 1970-1980-ci illərdə ASALA , Daşnaksütyun və digər erməni terror təşkilatları tərəfindən müxtəlif ölkələrdə 70-dən çox insanı qətlə yetirmələri, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmələri, 24 türk diplomatın qətlə yetirmələri, ötən əsrin 20-30-cu illərində Azərbaycanın ictimai-siyasi xadimlərinə qarşı sui-qəsd təşkil etmələri kimi hadisələr yenidən baş verə bilər. Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərə yol verilməsi bunun mümkünlüyünü əsla istisna etmir".

Deputat qeyd edib ki, ona görə də ermənilərin bu vandalizminin qarşısı dərhal alnmalıdır: "Unutmaq olmaz ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması diplomatik nümayəndəliyi qəbul edən ölkənin məsuliyyətindədir. Eyni zamanda müxtəlif ölkələrdə yaşayan, fəaliyyət göstərən insanların hüquq və azadlıqlarının təmin edilməsi və təhlükəsizliklərinin qorunması da həm beynəlxalq hüquqa, həm də yerli qanunvericiliyə görə həmin ölkələrin hüquqi öhdəçiliyinə daxildir. Ona görə də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların beynəlxalq hüququn tələbi kimi erməni işğalına son qoyulması ilə bağlı dinc aksiya keçirmələri dəstəklənməli və onların təhlükəsizliyi təmin edilməlidir".

Son xəbərlər

Orphus sistemi