Yuxarı

Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar"

Deputat Elman Nəsirov

Bakı. 4 mart. REPORT.AZ/ “Son zamanlar sosial şəbəkələrdə saxta profillər vasitəsilə demədiyim sözləri adıma çıxarırlar. Guya mən demişəm ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Azərbaycanda zəlzələ daha çox olurdu, amma indi belə deyil və yaxud da dövlət bayrağının üzərindəki ulduz və gerb götürülsün, Heydər Əliyevin şəkli qoyulsun. Səviyyələri və savadları çatmır ki, inandırıcı şeylər yazsınlar. Bunların hamısı yalandır".

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Hakim Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi olduğunu xatırladan deputatın sözlərinə görə, radikal müxalifət, başqalarının əlində alət olan qüvvələr təlimat alıblar ki, Elman Nəsirovu qaralayın, ləkələyin: “Çalışırlar ki, bu yolla fəaliyyətimdən çəkindirsinlər, ictimai fikri əleyhimə yönəltsinlər. Amma bunların hamısı əhəmiyyətsizdir. İnsanlar həqiqəti görür, bilirlər ki, barəmdə yazılanlar həqiqətə uyğun deyil. Onlar yalan söylədikcə, böhtan atdıqca, fəaliyyətimi daha da gücləndirirəm. Bilirəm ki, işimiz haqq işidir. YAP-ın üzvü olaraq missiyamızı çox yaxşı bilirik, Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsi istiqamətində addımlar atırıq. Bilirik ki, satqın qüvvələrin niyyəti nədir... Onlar Azərbaycanda xaos, anarxiya yaratmaq istəyirlər. Bu istiqamətdə xaricdəki drijorların tapşırıqlarını yerinə yetirirlər. Təkcə məni deyil, digər ziyalıları, elm adamlarını, ictimaiyyət nümayəndələrini bu cür ləkələyirlər. Bizi heç kəs yolumuzdan döndərə bilməz, hədəflərimiz Azərbaycanı daha da gücləndirməkdir. Hazırda ölkənin inkişafı istiqamətində Prezident İlham Əliyev çox ciddi islahatlar həyata keçirir. Prezidentin siyasəti xalq tərəfindən müsbət qarşılanır. Biz də həmin siyasətin təbliğatçılarıyıq. Radikal müxalifət bizi buna görə hədəf seçir. Bütün hallarda kişi kimi mübarizə aparmaq lazımdır. Demədiyim sözü mənim adıma necə yaza bilərlər? Mənbəni göstərsinlər? Belə bir açıqlamanı hara vermişəm, harada yazmışam? Mənbə göstərə bilmirlər. Bu, kişilikdən tamamilə uzaq məsələdir”.

Deputat bu cür halların davam edəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini qeyd edib: “Bu cür hallar davam edərsə, hüquqi müstəvidə addım atacağam. Bəzi insanlar bilməlidir ki, insanların şərəf və layəqətini alçaltmaq olmaz, bunun cəzası var. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəzalar nəzərdə tutulub. Belə insanlar məsuliyyətə cəlb edilməlidir. Hiss olunur ki, cəza mexanizminin həyata keçirilməsi ilə bağlı boşluq var. Baxın, sosial şəbəkələrdə kim nə istəyir, yazır, təhqir edir, insanların şərəf və ləyaqətini alçaldırlar. Xaricdə bəzi şəxslər dövlət başçısını, ayrı-ayrı məmurları təhqir edirlər. Onların əsas silahı təhqir və böhtandır. Bunun üçün müəyyən addımlar atmaq lazımdır. Təsəvvür edin ki, həmin təhqir edənləri məhkəməyə versək, cəzalandırsaq, onlar şou yaradacaqlar. İddia edəcəklər ki, həmin şəxslər “siyasi məhbus”durlar. Bunun nəyi “siyasi məhbus” olur? Qaragüruhçu qüvvələrin sivil müstəvidə polemikaya girmək gücü yoxdur. Sadəcə, bədbəxt insanlardır...”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi