Bakı. 27 oktyabr. REPORT.AZ/ Qazaxıstan paytaxtı Astana şəhərində Dünya Səhiyyə Təşkilatı və UNİSEF-in birgə təşkilatçılığı ilə “İlkin Səhiyyə Xidməti” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Report” xəbər verir ki, “Health for All” şüarı altında baş tutan tədbirdə Dünya Səhiyyə Təşkilatının “Astana Deklarasiyası-2018” sənədi qəbul olunub.
150 ölkənin səhiyyə nazirlikləri səviyyəsində keçirilən və eləcə də aidiyyəti dövlət qurumlarının və qeyri-hökümət təşkilatlarının 2200 nümayəndəsinin iştirak etdiyi konfransda “İlkin Səhiyyə Xidməti”nin 2050-ci ilə qədər olan yol xəritəsi təsdiqlənib.
Azərbaycanı konfransda təmsil edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, yeni təsdiqlənən “Astana deklarasiyası-2018” Dünya Səhiyyə Təşkilatının və UNİCEF-in 1978-ci ildə qəbul etdiyi və səhiyyədə davamlı inkişafın təmin edilməsində əsas rol oynayan “Alma-Ata Deklarasiyası-1978”in modernləşdirilmiş variantıdır.
Onun fikrincə, 40 il sonra qəbul olunan sənəd təşkilatın bütün dünya ölkələrinə 2050-ci ilə qədər tövsiyə etdiyi əsas yol xəritəsidir: “Düşünürəm ki, bütün dünya və eləcə də ölkəmiz üçün aktual olan bu qlobal konfransda, Azərbaycan səhiyyəsinin gələcək inkişafında mühüm rol oynayan bütün qurumların birgə iştirakı çox sevindirici haldır. Hamıya məlumdur ki, Azərbaycan səhiyyəsinin gələcək dayanıqlı inkişafı, məhz bütün aidiyyəti qurumların tək məqsəd uğrunda, birlikdə və eyni hədəfə yönəlmiş sistemli addımları ilə mümkündür”.