“Ötən gecə Qarabağın işğaldan azad olunması tələbinə onminlərlə insanımızın qoşulduğu möhtəşəm yürüşün sonunda bir qrup şəxsin Milli Məclisin binasına daxil olmasını, polis avtomobilini aşırmalarını qətiyyətlə pisləyirəm”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
O deyib ki, cəbhədə ağır döyüşlər getdiyi, Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyi, onminlərlə insanımızın Ali Baş Komandanla, ordumuzla bir yerdə olduğunu nümayiş etdirdiyi bir vaxtda bu cür əməllər açıq təxribatdır və yalnız düşmənin maraqlarına xidmət edə bilər: “Bir qrup şəxs Milli Məclisin binasına daxil olaraq ora ciddi ziyan vurublar. Qarabağa azadlıq naminə keçirilən və dövlət qurumlarının, polisin həmrəylik nümayiş etdirdiyi yürüşdə təxribatçı qrup Qarabağa, onun azadlığına heç bir aidiyyatı olmayan, yalnız düşməni sevindirə biləcək şüarlar səsləndiriblər. Bu cür hərəkətlər heç vaxt Qarabağın azadlığına xidmət etməyib, bu gün də etmir, əksinə bizi Qarabağdan, haqq işimizdən daha da uzaqlaşdırır”.
Ü.Quliyev vurğulayıb ki, cəmiyyətimiz digər məsələlərdə olduğu kimi Qarabağın işğaldan azad olunması məsələsində də yalnız öz Ali Baş Komandanına, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna arxalanır: “Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə layiqli cavab verir. Belə bir vəziyyətdə hamımız cənab Prezidentə dəstək olmalıyıq.
Heç bir şübhəm yoxdur ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə daha ağır zərbələr vuracaq, qisasımız amansız olacaq. Son nəfəsimizədək dövlətimizin, Prezidentimizin yanındayıq”.