“Prezident İlham Əliyevin Brüsselə səfəri və orada Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşü Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlərin daha yüksək xətlə inkişaf etməsi, eləcə də regionda sülhün və təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərdən mühüm hadisə oldu”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
O xatırladıb ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Deputat bildirib ki, görüş zamanı rəsmi Bakının İrəvana təqdim etdiyi beş maddəlik təkliflər də müzakirə olunub. O vurğulayıb ki, həmin beş prinsip gələcəkdə Azərbaycanla Ermənistan arasında danışıqların mövzusu olacaq və Brüsseldə bunun müzakirəsi Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nəticəsidir: “Bundan əvvəlki görüşlərdə də əsas məqsədlərdən biri regiona sülhün gətirilməsi, postmüharibə dövründən sonra əlaqələrin yaranması, kommunikasiyaların bərpa edilməsi və bununla da regionun iqtisadi inkişafına, yüksəlişinə nail olmaq idi. Bu baxımdan Brüssel danışıqları böyük əhəmiyyətə malikdir”.

O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə hər zaman yaxın təmasdadır: “Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyində yaxından iştirak edir. Aparılan siyasi-diplomatik səylər böyük səmərələr verir. Bu, Ermənistanın müxtəlif dairələrini narahat edir. Ermənistan müxalifəti mitinq keçirməklə, Azərbaycana qarşı əsassız bəyanatlar verməklə Bakı ilə Brüssel arasında olan mövcud münasibətlərə kölgə salmaq istəyir. Lakin balanslandırılmış xarici siyasətimiz uğurludur. Azərbaycan bu mövqeyini bundan sonra da qoruyub saxlayacaq. Azərbaycan qalib dövlətdir və dövlət başçısı İlham Əliyev danışıqlar masası arxasında qalib ölkənin rəhbəri kimi oturur”.