Yuxarı

Deputat: “Azərbaycanda çayçılıqla bağlı bəzi problemlər qalmaqdadır”

Bakı. 27 noyabr. REPORT.AZ/ “Azərbaycanda çayçılıqla bağlı bəzi problemlər qalmaqdadır. “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Burada çayçılıq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqinə dair müddəa da yer alıb. Mən əsasən buna diqqət çəkmək istəyirəm. Proqramın qəbulundan müəyyən vaxt keçməsinə baxmayaraq, həllini tapmayan məsələlər var. Bu da görülən işlərə kölgə salır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Cavanşir Paşazadə deyib.

“Birinin sahəsi, texnikası, digərinin işçi potensialı yüksək olduğu təqdirdə fermərlərin birləşdirilməsi yüksək çay məhsullarının istehsalına gətirib çıxara bilər. Statistikaya əsasən, çay istehsalında ciddi artım müşahidə olunur, artım olmasına baxmayaraq, hələ də xarici ölkələrdən çay idxal etməyə məcburuq. Bununla da külli miqdarda vəsait xaricə axır. Çayçılıq sahəsində mütərəqqi sığorta mexanizminin yaradılması da həllini gözləyən məsələlər sırasındadır”, - deputat əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi