Yuxarı

Deputat Almaniyada polisə çağrılmağı barədə iddialara münasibət bildirib

© Report — Milli Məclisin deputatı Adil Əliyev

Bakı. 4 aprel. REPORT.AZ/ “Dillərindən söyüş və təhqir düşməyən müxtəlif radikal qüvvələr mənim Almaniyanın Köln şəhərində azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirdən sonra polisə çağrıldığımı iddia edirlər. Başqa bir yalanları da odur ki, guya məni polis məntəqəsində bir neçə saatlığına saxlayaraq 100 min avro “cərimə” yazıblar. Deməli, bunlar bir yalan quraşdırırlar, sonra həmin yalana müxtəlif yalanlar qoşurlar və bunun ardı-arası kəsilmir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Adil Əliyev deyib.

O, Kölndə polisə çağırılmadığını vurğulayıb: “Olmadığım yerdə də mənə qarşı “100 min avroluq” cərimə barədə iddia qaldıra bilməzdilər. Ancaq bunlara heç nə təsir etmir, tutduqları yalanı buraxmırlar, özü də yuvarlaq rəqəmlərdən yapşıblar, yazırdılar ki, guya Köldəki tədbir üçün 80 min avro xərclənilib. Otel zalının 3 saatlıq icarəsinə cəmi 1.400 avro ödənib, qəbzi də var, amma bunlar yalanlarını təkrar edirlər. Bunlar çamur atmaqla məşğuldurlar, palçıq bizə nə yapşar, nə də izi qalar! Bunlara nəsə anlatmağın xeyri yoxdur, bağırtıları, söyüşləri, yalanları və iftiraları özlərinə qalacaq”.

Deputat artıq Bakıya qayıtdığını söyləyib. 

A.Əliyev Milli Məclisin aprelin 3-də keçirilən plenar iclasında xaricdəki bəzi azərbaycanlıların fəaliyyəti ilə bağlı müzakirələrə də münasibət bildirib: “Həmkarım Siyavuş Novruzov təşəbbüsümlə Kölndə keçirilən tədbiri pozmaq istəyən qüvvələr barədə deyib ki, bu insanlara azərbaycanlı demək mümkün deyil, onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. O, eyni zamanda buna qarşı susan bəzi şəxsləri də aktiv olmağa səsləyib. Bu fikirlə tam razıyam. Təxribatçılar hələ aylar əvvəl dövlətimizi, millətimizi və prezidentimizi təhqir etməyə başladıqda, Avropada təhqiredici şəkillər yapışdırmağa başladıqda sosial şəbəkələr üzərindən onlarla savaşa başaldım. Birini dedilər, üçünü dedim, beşini yazdılar, ondan ikiqatını yazdım, onlar təhqirə keçdilər, mən etik çərçivədə onların cavabını verdim. Ancaq elə o zaman bu mübarizədə kifayət qədər dəstək hiss etmədim. Susanların əvəzinə də mən cavab verirdim. Bəli, daha sonra dövlət səviyyəsində bu məsələ diqqətə alındı, konfrans və seminarlar keçirildi, məhz bundan sonra söyüş söyənlərə cavab verilməyə başlandı. Elə o zaman məni bu sual düşündürürdü: Kimi və nəyi gözləyridiniz? Bayrağımıza, dövlətimizə, millətimizə və prezidetimizə yönələn təhqirləri cavablandırmaq üçün xüsusi təlimat lazım idi, yoxsa bunun üçün xüsusi konfrans keçirilməli idi? Axı bu çirkin kampaniya sabitliyimizə, gələcəyimizə, qazandığımız uğurlara təhlükədir. Ancaq təəssüf ki, bəziləri yenə gözləmə mövqeyindədirlər, Kölndəki tədbirdən sonra anladım ki, yenə də yuxarıdan əmr və təlimat gözləyənlər var. Kölndəki tədbirə diplomatlarımızın və diaspora işinə məsul olanların qatılmasını arzulayırdım. Bu olmadı. Üstəlik indinin özündə Qərb ölkələrdə sığınacaq tapan məlum qrupların və onların arxasında dayanan mərkəzlərin hücumuna məruz qalmışam, ancaq yenə də təkbaşına və yaxın dostlarımla mübarizə aparmaq, onlara cavab vermək məcburiyyətindəyəm”.

O qeyd edib ki, sosial şəbəkələri söyüş söyənlərin və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verilməməlidir: “Bu təhlükəsizlik probleminə çevrilir, dövlətin müvafiq orqanları təbliğat işini gücləndirməlidirlər, ancaq bu, tək mənim və yaxın dostlarımın problemi olmamalıdır, deputat həmkarım demişkən, tərif demək üçün növbəyə düzülənlərin çoxunu mən söyüşçül qrupla mübarizədə görmürəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi