Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı qəbul edilib.
“Report”un məlumatına görə, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.
Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı dinlənilir.
“Report”un məlumatına görə, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.
Qeyd edilib ki, Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.
Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. Hesabat ili ərzində erkən evliliyin qarşısının alınması ilə bağlı mərkəzi və yerli icra orqanları tərəfindən maarifləndirici tədbirlər keçirir.
Bildirilib ki, 2022-ci il ərzində 146-sı qısamüddətli, 12-si uzunmüddətli olmaqla ümumilikdə 158 mühafizə orderi icraatda olub. Onlardan 151-i qadınlar, 7-si kişilər barədə verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.
Sənəddə göstərilib ki, Ailə Məcəlləsinə yenidən baxaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnaların aradan qaldırılması və xüsusilə də kənd yerlərində uşaq nikahı və məcburi nikahla mübarizə tədbirlərinin gücləndirilməsi, bu zərərli təcrübənin təməlində dayanan səbəblərin aradan qaldırılması, bu işdə rolu olan ailə üzvlərinin, dini və icma liderlərinin və ya hüquq-mühafizə əməkdaşlarının cəzalandırılması, bu istiqamətdə işlərin aşkarlanması üçün mexanizmlərin yaradılması ilə bağlı tövsiyələr Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara göndərilib.
"Qadın Dəstək Xətti"nə müxtəlif problemlərlə bağlı 2050 müraciət daxil olub. Bunlar ailədaxili münaqişə (676), məişət zorakılığı (361), boşanma prosesinə dəstək (182) və digər sahələrlə bağlı olub.
Həmçinin qeyd olunub ki, Bakının 12 rayonu üzrə 26463, Azərbaycanın bölgələri üzrə 58157 aliment ödəyicisi var: "Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur".