Azərbaycanın yeni qanun layihəsində beynəlxalq cinayətlərə görə ekstradisiya məsələsi nəzərdə tutulub

Azərbaycanın yeni qanun layihəsində beynəlxalq cinayətlərə görə ekstradisiya məsələsi nəzərdə tutulub Şəxsin irqi, cinsi, dini, vətəndaşlıq, siyasi baxış və ya etnik mənsubiyyətinə görə cəzalandırmaq təhlükəsi olarsa ekstradisiya qadağan olunur
Milli Məclis
16 Noyabr , 2017 12:48
Azərbaycanın yeni qanun layihəsində beynəlxalq cinayətlərə görə ekstradisiya məsələsi nəzərdə tutulub
Milli Məclis / Report

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisində hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsində beynəlxalq cinayətlərə bağlı işlər üzrə ekstradisiya məsələsi əksini tapıb.

“Report”un xəbərinə görə, qanunun 18-ci (Beynəlxalq cinayətlərə bağlı işlər üzrə ekstradisiya) maddəsində qeyd olunur ki, beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin xarici dövlətə verilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

Sorğu edən xarici dövlətlə Azərbaycan Respublikası arasında müvafiq müqavilə olmadıqda “Cinayət törətmiş şəxslərin verilməsı (ekstradisiya)” haqqında Azərbaycan Respublikasının qanunu tətbiq edilir.
Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin xarici dövlətin sorğusu əsasında verilməsi məqsədləri üçün təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və müharibə cinayətləri siyasi cinayət və ya onunla bağlı cinayət sayıla bilməz. 

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin verilməsi haqqında xarici dövlətin sorğusu ilə başqa xaricı dövlətin və ya dövlətlərin digər cinayətə və ya cinayətlərə görə həmin şəxsin verilməsi haqqında sorğu mövcud olduqda beynəlxalq cinayətlərlə bağlı sorğunun icrasına üstünlük verilir. 

Layihəyə əsasən, beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən eyni şəxsin verilməsi və ya təslim edilməsi haqqında xarici dövlətin və beynəlxalq məhkəmə orqanının sorğuları alındıqda, onların hansına üstünlük verilməsi məsələsi işin konkret halları nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll olunur.

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin verilməsi haqqında sorğu onun irqi, cinsi, dini, vətəndaşlıq, siyasi baxış və ya etnik mənsubiyyətindən asılı olaraq cəzalandırmaq və ya təqib etmək məqsədini güdərsə və ya sorğunun təmin edilməsi burada göstərilən səbəblərdən hər hansı birinə görə həmin şəxsin vəziyyətinə xələl gətirə bilərsə, belə hallarda bu qanunun heç bir müddəası verilməyə dair öhdəlikləri müəyyən edən müddəa kimi şərh qəbul edilə və tövsif edilə bilməz. 

Beynəlxalq cinayət törədilməsində təqsirləndirilən və xarici dövlətə təhvil verilən və ya beynəlxalq məhkəmə orqanına təslim edilən şəxs buna səbəb olan cinayət və ya cinayətlərdən başqa digər cinayət əməlinə görə Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanının razılığı olmadan məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. 

19-cu (Beynəlxalq cinayətlərə münasibətdə təqib etmə və ya təhvil vermə öhdəliyi) maddəsində isə qeyd olunur: Beynəlxalq cinayət törədilməsində təqsirləndirilən və Azərbaycan Respublikasının ərazisində tutulan şəxs xarici dövlətə təhvil verilmirsə və ya beynəlxalq məhkəmə orqanına təslim olunmursa, onun cinayət təqibi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi