Azərbaycanın AŞPA və Avronest PA-dakı nümayəndə heyətlərinin tərkibində dəyişiklik ediləcək

Azərbaycanın AŞPA və Avronest PA-dakı nümayəndə heyətlərinin tərkibində dəyişiklik ediləcək Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik ediləcək.
Milli Məclis
24 Aprel , 2018 17:30
Azərbaycanın AŞPA və Avronest PA-dakı nümayəndə heyətlərinin tərkibində dəyişiklik ediləcək

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik ediləcək.

“Report”un xəbərinə görə, nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov və üzvü Rövşən Rzayev Azərbaycanı AŞPA-da təmsil edən deputat heyətindən çıxarılacaq.

Bu dəyişiklik V.Hüseynovun Dövlət Miqrasiya Xidmətinin rəisi, R.Rzayevin isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunması ilə bağlıdır. V.Hüseynov AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavinliyindən də azad ediləcək.

Bundan başqa, Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin tərkibində də dəyişiklik olacaq. Nümayəndə heyətinin rəhbəri Fuad Muradov, sədr müavini Rövşən Rzayev, üzvü Muxtar Babayev tərkibdən çıxarılacaqlar.

Bu dəyişiklik də hər üç şəxsin yüksək dövlət vəzifəsinə təyin olunmasından irəli gəlir. Belə ki, F.Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, M.Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub. 

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar Seçki Dairəsindən deputat seçilən Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai 2-ci Seçki Dairəsindən deputat seçilən Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Rzayev Rövşən Şükür oğlu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

M.Babayev, V.Hüseynov, F.Muradov və R.Rzayev deputat mandatından məhrum edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

Azərbaycan Konstitusiyasının 89-cu (Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

Son xəbərlər

Orphus sistemi