Bakı. 2 noyabr. REPORT.AZ/ "Azərbaycanda parlament seçkiləri demokratik və şəffaf keçirilib". Bunu "Report"a açıqlamasında Rumıniya parlamentinin deputatı Adrian Miroslav Merka deyib.
O bildirib ki, səsvermə günü həm Bakıda, həm də ətraf rayonlarda müşahidə aparıb: "Seçicilər məntəqəyə girəndən bülleteni qutuya atana qədər, hətta məntəqəni tərk edənədək müşahidə etdim. Azərbaycanda keçirilən seçkilərdə olan şəffaflıq, Avropanın bir çox ölkələrində yoxdur".
Deputatın sözlərinə görə, bu seçkilərdə bəzi Avropa ölkələri üçün yenilik olan prosesləri müşahidə edib: "Rumıniyada və Avropanın bəzi ölkələrində gözdən əlilləri yaxın qohumları məntəqəyə gətirirlər, həmçinin səsvermə kabinəsinə də bir yerdə girirlər. Amma Azərbaycanda vəziyyət tamam başqadı. Burada gözdən əlillər üçün olan xüsusi əlifbadan istifadə edilərək bülletenlər hazırlanıb və onlar kabinələrdə tək səs verirdilər. Bu da Azərbaycanda demokratiyanın göstəricisidir".