MSK seçki dairələrindən birinin nəticələrini ləğv edib

MSK seçki dairələrindən birinin nəticələrini ləğv edib MSK: 90 saylı Ağdaş Seçki Dairəsində səslərin sayılması zamanı ciddi qanun pozuntularına yol verilib
Milli Məclis
17 Noyabr , 2015 17:13
MSK seçki dairələrindən birinin nəticələrini ləğv edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınan Yeni Azərbaycan Partiyasının üzvü İlqar Vəliyev və bitərəf, Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayevin müraciətinə baxılıb.

“Report”un məlumatına görə, onlar müraciətlərində noyabrın 1-də keçirilən seçkilərin nəticələrinin həmin dairə üzrə ləğv edilməsini xahiş ediblər.

Onlar iddia ediblər ki, səsvermə günü qanun pozuntularına yol verilib. MSK üzvü Ramiz İbrahimov deyib ki, Ekspert Qrupu araşdırma aparıb və müəyyən nəticəyə gəlinib.

R.İbrahimov bildirib ki, bütün protokollara baxış keçirilib və məlum olub ki, 3 və 5 saylı seçki məntəqələrində səslərin sayılmasında pozuntuya yol verilib. Bundan əlavə, 7, 12, 14, 16, 18, 22, 24, 25, 27, 35 və 39 saylı məntəqələrin protokollarında də belə hallar baş verib. Bütövlükdə 17 məntəqə üzrə pozuntu qeydə alınıb. R.İbrahimov deyib ki, həmin məntəqələrdə səsvermənin nəticələri ləğv olunmalıdır. Ekspert Qrupunun araşdırmasında təklif edilib ki, MSK-ya müraciət edən deputatlığa namizədlərin müraciəti təmin edilməlidir. Çünki qanun pozuntuları qeydə alınan məntəqələrdə səs verən seçicilərin sayı ümumi seçicilərin sayından çox olduğundan həmin seçki dairəsinin nəticələri etibarsız hesab edilməlidir.

Bununla da MSK-nın qərarı ilə 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv olunub. 

Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, həmin dairədən lider namizəd 2005 və 2010-cu illərdə deputat seçilmiş bankir Çingiz Əsədullayev idi. 

Son xəbərlər

Orphus sistemi