Yuxarı
    Bağlamaq

    ​MSK Müsavat Partiyası və "Nida" Vətəndaş Hərəkatının seçkidə iştirakdan imtina etməsi ilə əlaqədar bəyanat yayıb

    “Milli Məclisə seçkilərin qanunun tələblərinə uyğun olaraq keçirilməsi Müsavat Partiyasının və Nida Vətəndaş Hərəkatının maraqlarına cavab vermir”

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə Müsavat Partiyasının və "Nida" Vətəndaş Hərəkatının iştirakdan imtina etməsi ilə əlaqədar bəyanat yayıb. 

    “Report”un xəbərinə görə, bəyanatda xatırladılıb ki, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə Müsavat Partiyası öz iştirakının dayandırılması və partiyanın qeydə alınmış namizədlərinin geri çağrılmasının həmin namizədlərin mülahizəsinə verilməsi barədə qərar qəbul edib: “Bildiririk ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.

    Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən isə seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır.

    Müsavat Partiyasının bu barədə qərarının məhz cari ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə 10 gündən az müddət qalmış vaxtda qəbul edilməsi Seçki Məcəlləsinin tələblərinin pozulması ilə yanaşı, həmçinin keçiriləcək seçkilərə şüurlu olaraq əngəllər törətmək kimi qiymətləndirilir”.

    Bəayanat sənədində vurğulanıb ki, səsvermə prosesində seçicilərin çaşdırılmasına xidmət edən bu addım seçki subyekti olmayan, seçki prosesində ümumiyyətlə iştirak etməyən və namizəd qeydə aldırmaq hüququna malik olmayan "Nida" Vətəndaş Hərəkatının belə bəyanat verməsi ilə daha da qabarıq ortaya çıxıb: “Təəssüflər olsun ki, seçki təcrübəsinə mənfi təsirsiz ötüşməyən belə neqativ addımlar onlar tərəfindən davamlı olaraq atılmaqdadır. Belə ki, Milli Məclisə keçiriləcək seçkilərin təxirə salınaraq 4 ay sonraya təyin olunması da Müsavat Partiyası tərəfindən irəli sürülüb. Halbuki bu təklifi irəli sürənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 84-cü maddəsinin ll hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir və onun iddia edilən müddətə və əsaslarla təxirə salınması qaydası seçki qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmayıb. Bütün bu hərəkətlər onu sübut edir ki, Milli Məclisə seçkilərin qanunun tələblərinə uyğun olaraq keçirilməsi Müsavat Partiyası və "Nida" Vətəndaş Hərəkatının maraqlarına cavab vermir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi