Yuxarı

MSK İsgəndər Həmidovun qardaşı oğlu ilə bağlı DSK-nın qərarını qanunsuz sayıb

Komissiyaya daxil olmuş müraciətlərə baxılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında bu ilin noyabrın 1-nə təyin edilmiş parlament seçkilərilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

“Report”un məlumatına görə, əvvəlcə 95 saylı Tərtər Seçki Dairəsi ilə bağlı Şəhriyar Sərdaroğlu Məcidzadənin müraciəti dinlənilib. MSK üzvü Validə Kazımova deyib ki, Ş.Məcidzadə namizədliyinin qeydə alınması ilə bağlı sənədləri 95 saylı Tərtər Seçki Dairəsinin Dairə Seçki Komissiyasına təqdim etsə də, geri qaytarılıb.

Qərara alınıb ki, DSK-nın qərarı əsasız hesab edilsin və Ş.Məcidzadənin deputatlığa namizədliyi qeydə alınsın.

Qeyd edək ki, Ş.Məcidzadə sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğludur.

Sonra Müsavat Partiyasının üzvü Rəşid Rəcəblinin müraciətinə baxılıb. R.Rəcəbli müraciətində qeyd edib ki, DSK-ya təqdim etdiyi imza vərəqələrinin yoxlanılması prosesində iştirakına imkan verilməyib.

Müzakirələrin yekununda qeyd olunub ki, 82 saylı Ağcabədi Seçki Dairəsində imza vərəqələrinin yoxlanılmasında R.Rəcəblinin müraciəti təmin edilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi