Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda Parlament seçkilərində iştirak etmək üçün indiyədək seçki dairələrinə 1 449 nəfər müraciət edib. Onlardan 557-si siyasi partiyalar, 60-ı “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 829 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 351-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 231 nəfər imza vərəqəsi alıb: “376 nəfər artıq imza vərəqələrini qaytarıb. Onların 217-nin deputatlığa namizədliyi qeydə alınıb. Həmin namizədlərin 123-ü siyasi partiya, 94-ü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”.
M.Pənahovun sözlərinə görə, 102 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər bu ilin noyabın 1-də keçiriləcək.