Yuxarı

Milli Məclisə seçkilər öncəsi Gəncədə rəy sorğusu keçirilib

Rəyi soruşulanların 81%-i seçkilərdə məmnuniyyətlə gənc kadrlara səs verəcəklərini bildiriblər

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanda Milli Məclisə seçkilər öncəsi 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi ərazisində rəy sorğusu keçirilib. Min nəfərdən artıq respondentin iştirak etdiyi sorğunun təşəbbüskeşi həmin seçki dairəsindən namizədliyini irəli sürəcəyini bəyan edən Elnur Eyvazov "Report"a bildirib ki, məqsəd Kəpəz dairəsi ərazisində yaşayan seçicilərin seçki prosesi barədə nə dərəcədə məlumatlı olduqlarını aşkar etmək, hansı kriteriyalara üstünlük verdiklərini öyrənməkdir: "Sorğuda iştirak edənlərin 73%-i əvvəlki seçkilərdə iştirak etdiklərini bildiriblər. Lakin nəzərə alsaq ki, ötən parlament seçkilərində 40 saylı dairədə seçici fəallığı cəmi 42% olub, o qənaətə gəlmək olar ki, rəyi soruşulanlar seçici fəallığının xeyli yüksək olduğu prezident seçkilərindəki səsverməni nəzərdə tutublar".

Respondentlərdən həmçinin seçki dairəsi barədə nə dərəcədə məlumatlı olduqları soruşulub. Əksəriyyət məlumatlı olduğunu desə də, hansı seçki dairəsinin ərazisində yaşadığını bilməyib və yalnız səsvermə keçirilən inzibati binanın - orta məktəbin və ya digər müvafiq yerin adını çəkib. 

Eyni mənzərə seçki dairəsini təmsil edən deputat barədə də suallarda ortaya çıxıb. Belə ki, səs verənlərdən cəmi 31%-i millət vəkilini tanıması ilə bağlı sualı müsbət cavablandırsa da, ad-soyadını cəmi bir neçə nəfər deyə bilib. Əksəriyyəti isə ya deputatın adını yaddan çıxardıqlarını, yaxud digər dairələrdən olan millət vəkillərinin adını çəkiblər. 

Sorğuya cavablarda həmçinin seçicilərin gənc namizədlərə üstünlük verdikləri açıqlanıb. Belə ki, respondentlərin 35%-i 25-35 yaşlı, 31%-i 35-45 yaşlı namizədlərə üstünlük verdiklərini, yalnız 10%-i deputatlığa namizədin 45 yaşdan yuxarı olmasının məqsədəuyğun olduğunu deyib.

Milli Məclisə gənc kadrların deputat seçilməsinin nə qədər vacib olduğu ilə bağlı suala cavab verən respondentlərin 77% "mütləq", 17%-i "o qədər də ehtiyac duymadıqları"nı, 6%-i isə mənfi yanaşdığını bildirib.

Eyni zamanda, rəyi soruşulanların 81%-i seçkilərdə məmnuniyyətlə gənc kadrlara səs verəcəklərini bildiriblər.

E.Eyvazov sorğunun nəticələrini şərh edərkən bildirib ki, əsas boşluq insanların parlament seçkiləri barədə kifayət qədər məlumatlı olmamasından ibarətdir. Onun sözlərinə görə, sorğu iştirakçıları namizəd barədə məlumatı seçicilərlə görüşlərdən əldə etmək istədiklərini söyləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi