Yuxarı

MDB-nin icraçı katibi: "Azərbaycanda seçkilər şəffaf keçirilib"

Seçici fəallığı kifayət qədər yaxşı idi, insanlar səhər erkəndən səs verməyə gedirdi

Bakı. 2 noyabr. REPORT.AZ/ "MDB müşahidə missiyası seçkiləri yaxşı təşkil olunmuş hesab edir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, məntəqə seçki komissiyalarının üzvləri seçkilərdə çox yaxşı çıxış edib: "Azərbaycanda seçkilər konstitusiya və respublikanın beynəlxalq standartlara cavab verən seçki-hüquq normalarına uyğun olaraq keçirilib. Seçki azad, açıq, rəqabət mühitində keçirilib. Vətəndaşların iradəsini ifadə etmək hüququnun həyata keçirilməsi üçün hər cür şərait yaradılıb".

S.Lebedev MDB-nin nümayəndə heyətinin Azərbaycanın bütün regionlarında 1007 məntəqəyə baş çəkdiyini və seçkilərlə bağlı nümayəndə heyətinin müsbət təəssüratının olduğunu bildirib: "Biz bu seçkiləri tam əsaslı şəkildə şəffaf hesab edirik. Həm də ona görə ki, indiyə qədər bu qədər çox müşahidəçi olmayıb. Orta hesabla hər məntəqədə 10 nəfər var idi".

Müşahidə missiyasının rəhbəri əlavə edib ki, müşahidə zamanı nümayəndə heyəti, həmçinin səsverən vətəndaşlarla söhbətləşib. Onun sözlərinə görə, söhbət zamanı vətəndaşlar onlar üçün Azərbaycanda sülh və sabitliyin olmasını əsas saydıqlarını bildirib.

Müşahidəçilərin fəallığından danışan S.Lebedev belə deyib: "Seçici fəallığı da kifayət qədər yaxşı idi, insanlar səhər erkəndən səs verməyə gedirdi. Bunu bizə demokratiya öyrətməyə çalışan qərb ölkələri ilə müqayisə edin. Onlarda seçici fəallığı heç də bundan yüksək olmur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi