Səməd Seyidov: "Konstitusiya Məhkəməsinin qərarından sonra rektorluqla bağlı lazımi addımı atacam"

Səməd Seyidov: "Konstitusiya Məhkəməsinin qərarından sonra rektorluqla bağlı lazımi addımı atacam" "Məhkəmənin qərarından sonra bu məsələ haqda geniş danışmaq olar"
Milli Məclis
3 Noyabr , 2015 15:42
Səməd Seyidov: Konstitusiya Məhkəməsinin qərarından sonra rektorluqla bağlı lazımi addımı atacam

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 1-də keçirilən parlament seçkilərində 36 saylı Xətai dördüncü Seçki Dairəsindən yenidən deputat seçilən Azərbaycan Dillər Universitetinin rektoru, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Səməd Seyidov rektor vəzifəsindən çıxmaqla bağlı ərizə yazıb-yazmaması məsələsinə münasibət bildirib. 

S.Seyidov "Report"a açıqlamasında deyib ki, parlament seçkilərinin nəticələrinin təsdiqlənməsini gözləyir: "Hələlik heç nə deyə bilmərəm. Çünki Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləməlidir. Konstitusiya Məhkəməsi deputatların mandatını təsdiqlədikdən sonra rektorluqla bağlı qərarımı verəcəm. Məhkəmənin qərarından sonra bu məsələ haqda geniş danışmaq olar".

Qeyd edək ki, YAP builki parlament seçkilərində namizəd olmaq istəyən rektorlar qarşısında iki vəzifədən birini seçmək şərti qoymuşdu.

2010-cu ildə keçirilən parlament seçkilərində YAP üzvü olan 7 rektor deputat seçilmişdi. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov iki vəzifə tuturdular.  

YAP-ın iki vəzifədən birini seçməklə bağlı tələbindən sonra onlardan 3 nəfər - Abel Məhərrəmov, Gülçöhrə Məmmədova və Əhməd Vəliyev rektor vəzifəsini üstün tutdular və yenidən deputatlığa namizəd olmadılar. Noyabrın 1-də keçirilən parlament seçkilərində namizəd kimi iştirak edən rektorlar isə YAP qarşısında öhdəlik götürüblər. Həmin öhdəliyə görə, əgər Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov və Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev deputat seçiləcəkləri təqdirdə, rektor vəzifəsindən çıxmaq barədə ərizə yazacaqlar. Hakim partiya bu öhdəliyi rəsmiləşdirib və rektor deputatların hər birindən bununla bağlı yazılı ərizə alıb. 

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Ə.Əmiraslanov, A.Naxçıvanlı, S.Seyidov və A.Abiyev yenidən deputat seçiliblər.  

Son xəbərlər

Orphus sistemi