Yuxarı

​YAP-ın icra katibi: "İslahatlar dalğası cəmiyyətimizin müxtəlif sferalarına nüfuz edib"

Dünyada baş verən müharibələr fonunda Azərbaycan vətəndaşları ölkədəki sabitliyin nə qədər böyük dəyər kəsb etdiyini dərk edir

Bakı. 3 noyabr. REPORT.AZ/ "Yeni Azərbaycan Partiyasının qələbələrinin hamısı bir-birinə bənzəyir. Çünki burada sınaqdan uğurla çıxmaqdan söhbət gedir".

"Report"un məlumatına görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

O, noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü deputatlığa namizədlərin əksəriyyətinin qələbə çalmasına münasibət bildirərkən deyib ki, bu, YAP-ın bir tərəfdən seçki kampaniyasının uğurunu təsdiq edir, digər tərəfdən partiyanın Azərbaycanın siyasi-ictimai həyatındakı mövqeyini və rolunu müəyyənləşdirmiş olur: "Əgər bütövlükdə bu seçkinin ortaya qoyduğu reallıqları bir daha nəzərdən keçirsək, belə bir amili də qeyd etməliyik ki, seçkinin nəticəsi YAP-ın ölkəmizin həyatında alternativsiz siyasi güc olduğunu bir daha göstərdi. Seçkinin ortaya qoyduğu mühüm nəticələrdən biri məhz bundan ibarətdir. Bu mənada qələbəmiz həmişə bizim üçün böyük əhəmiyyət kəsb edib. Biz seçkiyə gedərkən qarşımıza qoyduğumuz vəzifə ən azından beş il bundan əvvəl parlament seçkiləri zamanı əldə etdiyimiz nailiyyəti təkrarlamaqdan və Azərbaycanın parlamentində YAP-ın çoxluğunu təmin etməkdən ibarət olub. Belə bir seçki vəzifəsi ilə biz seçki marafonuna qatılmışdıq. Məmnunluqla onu qeyd etmək istəyirəm ki, Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunan ilkin nəticələrə görə, YAP parlamentdə çoxluğunu qoruyub saxlayıb. Yenə də YAP parlamentdə 70-dən çox deputatı ilə təmsil olunacaq. Hesab edirəm ki, bu, bütövlükdə qaneedicidir və böyük zəhmətin nəticəsində mümkün olub".

Ə.Əhmədov qeyd edib ki, seçkilər demokratik mühitdə, azad və şəffaf keçirilib və Azərbaycan xalqının iradəsini ifadə etmək kimi fundamental vəzifə yerinə yetirilib: "Vətəndaşlarımız, xalqımız öz iradəsini növbəti dəfə ifadə edib və bu, yeni formalaşan Milli Məclisdə öz əksini tapır. Rəqəmlər ilkin olsa da, bülletenlərin əksəriyyəti artıq hesablandığına görə onlarda ciddi dəyişiklik olmayacaq. Kiçik faiz dəyişiklikləri olsa da, səsvermənin nəticəsinə təsir edən dəyişiklik mümkün deyil. Beləliklə, YAP bu seçkilərin nəticələrinə görə qalibdir. Biz bu qələbəmizi əvvəlki qələbələrdən fərqləndirmirik. Amma bir məqamı da qeyd etmək istərdim ki, qarşımıza qoyduğumuz məqsədimizə nail ola bildik. 2010-cu ilin parlament seçkilərində də YAP 70-dən yuxarı deputatla parlamentdə təmsil olunmuşdu. Bu seçkidə də ilkin nəticələr onu göstərdi ki, YAP 70-dən yuxarı deputatla Milli Məclisdə təmsil olunacaq. Lakin bir məsələni xüsusi vurğulamaq istərdim ki, bu müddət ərzində YAP-ın mövqeləri daha da möhkəmlənib. Azərbaycan vətəndaşlarının YAP-ı dəstəkləmək istəkləri daha da güclənib. Parlament seçkilərində 20-dən çox partiya iştirak edirdi. Bu o deməkdir ki, hər bir deputat yeri uğrunda mübarizənin kəskinliyi də artıb. Bütövlükdə keçmiş deputatlığa namizədlərin sayı da 2015-ci ildə 2010-cu illə müqayisədə müəyyən qədər çox olub. Bütün bunların hamısı ondan xəbər verir ki, 2015-ci ilin qələbəsi 2010-cu ildəki qələbəmizdən daha kəskin siyasi mübarizə şəraitində əldə olunub. Qələbə çox ciddi mübarizə şəraitində qazanılırsa, onun dəyəri və mənası da yüksək olur. Bu mənada əgər biz müqayisə etməli olsaq, 2015-ci ildəki qələbəmizi kifayət qədər yüksək dəyərləndirə bilərik".

Onun sözlərinə görə, qələbənin səbəblərindən biri  insanların Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasətinin birmənalı şəkildə dəstəklənməsidir: "Azərbaycanın iqtisadi və sosial həyatında cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində yeni bir mərhələ başlayır. Bu, Azərbaycanın həyatında inkişafın yeni mərhələsinə gətirib çıxaracaq. Ölkə vətəndaşları Prezidentin bu təşəbbüslərini yüksək dəyərləndirirlər və təbii ki, islahatlar dalğası artıq cəmiyyətimizin müxtəlif sferalarına nüfuz edib, insanların bu gün ovqatını formalaşdıran fundamental amillərdən birinə çevrilib. YAP-ın namizədlərinin lehinə verilən səslərdə istər-istəməz bu məqam da öz əksini tapıb. Prezidentin islahatlar çağırışı, islahatların dərinləşməsi ilə əlaqədar dövlət başçısının təşəbbüsləri, bu təşəbbüslərin həyata keçirilməsi istiqamətində atılan ilk addımlar və bu addımların doğurduğu pozitiv, müsbət əks-səda YAP-ın irəli sürdüyü namizədlərin lehinə verilən səslərdə özünün əksini tapdı. YAP-ın qalibiyyətinin kökündə dayanan səbəblərdən biri də Azərbaycandakı sabitlik, əmin-amanlıq, rahatlıq, insanların öz gələcəyinə, ailələrinin rifahına inamla, optimistcəsinə baxmalarıdır. Dünyanın ayrı-ayrı regionlarında baş verən müharibələr, dağıntılar, qeyri-sabitlik, tökülən qanlar, sınan talelər, həlak olan insanlar fonunda Azərbaycandakı sabitliyin və əmin-amanlığın nə qədər böyük məna və dəyər kəsb etdiyi vətəndaşlar tərəfindən daha dərindən dərk olunur və qiymətləndirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi