Yuxarı

Əli Əhmədov: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdir"

Onların Azərbaycanda keçirilən seçki kampaniyasını izləməkdən imtina etməsi seçkilərin dəyərinə kölgə sala bilmədi

"Seçkilərdən və seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır"

Bakı. 3 noyabr. REPORT.AZ/ "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərin keçirilməsi ilə əlaqədar yaradılıb. Həmin qurumun ATƏT-in üzvü olan Azərbaycanın dəvəti əsasında ölkəmizdə keçirilən seçki kampaniyasını müşahidə etməkdən imtinasını rasional şəkildə izah etmək mümkün deyil".

"Report"un məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, bu təşkilat bununla əslində özünün birbaşa vəzifələrini həyata keçirməkdən imtina edib: "ATƏT üzvü olan ölkələrdə keçirilən seçkiləri izləmək, müşahidə etmək onların birbaşa vəzifəsidir. Hər hansı ölkə əgər özü onları dəvət edərsə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bundan imtina etməyə heç bir əsası yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əslində onlar bununla öz mandatlarından imtina etmiş olurlar. Təəssüf hissi ilə bildirmək istərdim ki, bəzi beynəlxalq qurumlar, o cümlədən haqqında söz açdığımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərdən və seçkilərin izlənməsi missiyasından siyasi təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə malikdirlər. Bu, tamamilə yolverilməz haldır".

Ə.Əhmədov qeyd edib ki, seçkilər və seçkiləri izləmək, müşahidə etmək hər hansı siyasi məqsəd və niyyət güdmədən həyata keçirilməlidir: "Amma bir sıra hallarda seçkiləri izləmək missiyası ayrı-ayrı ölkələrdə neqativ axtarmaq fürsəti kimi qiymətləndirilir. Bundan əvvəlki seçkilər zamanı aparılan müşahidələrin nəticəsində yalnız nəticələrə təsir etməyən nöqsanların qeyd olunması ondan xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu üçün seçkilərin izlənməsi sadəcə, neqativ axtarmaq kimi başa düşülür və bu cür də istifadə edilir".

O vurğulayıb ki, hər hansı dövlətin beynəlxalq qurumlarda təmsil olunması onun suveren hüquqlarının alternativi kimi dəyərləndirilə bilməz: "O cümlədən Azərbaycanın beynəlxalq qurumlarda təmsil olunması ölkəmizin suveren hüquqlarının üzərinə kölgə salmaq və yaxud həmin hüquqların azalması kimi dərk edilə bilməz. Bu mənada belə hesab edirik ki, istənilən beynəlxalq qurum, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da vəzifəsinə məhz bu prinsiplər nöqteyi-nəzərində yanaşmalıdır. Seçkilərdən və seçkiləri izləməkdən təzyiq vasitəsi kimi istifadə etmək ənənəsinə son qoymalıdır. Həmin büronun fəaliyyətinə bu cür qiymət verilməsi təkcə Azərbaycan tərəfindən ortaya atılan təşəbbüs deyil. Malik olduğumuz informasiyalar əsasında bir sıra digər ölkələrdə də həmin büronun fəaliyyətində bu cür xoşagəlməz, neqativ tonlardan xali olmayan cəhətlərin özünü büruzə verməsi açıq şəkildə vurğulanmaqdadır. Lakin onların Azərbaycanda keçirilən seçki kampaniyasını izləməkdən imtina etməsi seçkilərin dəyərinə, ictimai mənasına heç bir kölgə sala bilmədi".

Seçkiləri xarici ölkələrdən gələn kifayət qədər sayda müşahidəçilərin izlədiyini deyən Ə.Əhmədov bildirib ki, onların hər birinin səsləndirdiyi rəy bütövlükdə Azərbaycanda seçkilərin yüksək şəraitdə təşkil olunmasından və demokratik normalara uyğun keçirilməsindən xəbər verir: "Biz bütövlükdə bu seçki kampaniyasının beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə yüksək qiymət veririk. Azərbaycan demokratik ölkədir, bütün proseslər açıq və şəffaf şəkildə keçirilir. O cümlədən siyasi proseslər, seçki kampaniyası şəffafdır və biz seçkilərin xoş niyyətli beynəlxalq müşahidəçilər tərəfindən izlənməsinə həmişə müsbət yanaşmışıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi