İctimai Televiziya və Radioda​ deputatlığa namizədlərin debatları təşkil olunacaq

İctimai Televiziya və Radioda​ deputatlığa namizədlərin debatları təşkil olunacaq Mərkəzi Seçki Komissiyası bununla bağlı qərar verəcək
Milli Məclis
1 Oktyabr , 2015 16:46
İctimai Televiziya və Radioda​ deputatlığa namizədlərin debatları təşkil olunacaq

Bakı. 1 oktyabr. REPORT.AZ/ Parlament seçkilərinin təşviqat kampaniyası dövründə İctimai Televiziya və Radioda ayrılacaq pulsuz efir vaxtından hansı formada istifadə ediləcəyi hələlik müəyyənləşməsə də, bunun dairələr üzrə deputatlığa namizədlərin debatı formasında olacağı gözlənilir. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Qurumdan verilən məlumata görə, deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdıqdan sonra və təşviqat kampaniyasının başlamasına bir neçə gün qalmış MSK bununla bağlı qərar verəcək: "Qərar prosesdən asılı olaraq qəbul ediləcək. Yəni siyasi partiyaların, seçki bloklarının 60-dan çox seçki dairəsi üzrə namizədləri qeydə alınmadığı və ya 60-da artıq dairədə namizədləri qeydə alınan siyasi partiyalar, seçki blokları pulsuz efir vaxtından imtina edəcəkləri təqdirdə, İctimai Televiziya və Radioda ayrılacaq pulsuz efir vaxtından hər bir seçki dairəsi üzrə namizədlərin debatı şəklində istifadə olunacaq".

Xatırladaq ki, 2010-cu ilin parlament seçkilərinin təşviqat kampaniyası dövründə də İTV-də və İctimai Radioda hər bir dairə üzrə deputatlığa namizədlərin debatı keçirilmişdi. 

Qeyd edək ki, MSK-nın son məlumatına görə, hələlik yalnız hakim Yeni Azərbaycan Partiyasının (YAP) 60-dan çox - 117 seçki dairəsi üzrə namizədi qeydə alınıb. YAP digər siyasi partiyaların da 60-dan çox seçki dairəsi üzrə namizədi olmayacağı halda təşviqat kampaniyasında pulsuz efir vaxtından istifadə etməyəcəyini açıqlayıb. 

Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır. 

Son xəbərlər

Orphus sistemi