Yuxarı

Əli Əhmədov: "Azərbaycanda demokratik seçki mühiti mövcuddu"

Baş nazirin müavini: Seçkilərin azad, şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Baş nazirin müavini, Yeni Azərbaycan Partıyasının sədr müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidə missiyasının nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Ə.Əhmədov Azərbaycanda seçkilərin azad, şəffaf, demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitdən bəhs edib. O bildirilib ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb. Baş nazirin müavini ölkədə seçki ab-havasının çox müsbət, xalqın seçki əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd edib.

O, demokratiyanın vacib amillərindən birinin seçkilərin şəffaflığının təminatının təsdiqi kimi prosesin beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin müşahidəçilərinin izləməsi olduğunu bildirib. Ə.Əhmədov Azərbaycan dövlətinin beynəlxalq müşahidə missiyalarının seçkiləri izləmələrinə yaratdığı şəraiti prosesin demokratik, azad və şəffaf keçirilməsinə göstərdiyi diqqət və verdiyi önəm kimi dəyərləndirib.

MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri ölkəmizdə seçki ab-havasından razılıqlarını ifadə ediblər. Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinin göstəricilərindən biri kimi seçkilərin demokratikliyinə, beynəlxalq standartlara uyğun keçirilməsinə göstərilən diqqət xüsusi vurğulanıb.

Daha sonra Əli Əhmədov missiya üzvlərini maraqlandıran sualları cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi