Yuxarı

DİN Milli Məclisə seçkilərlə bağlı seminar-müşavirə keçirib

Hikmət Eyvazov: Bu işdə daxil işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Daxili İşlər Nazirliyinin (DİN) Baş Təhlükəsizlik İdarəsi paytaxtın polis idarələri, habelə ətraf rayon polis orqanlarının xidməti üzrə rəis müavinləri və ictimai təhlükəsizlik xidmətlərinin rəhbərləri, dairə seçki komissiyaları nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilib.

“Report”un məlumatına görə, DİN Baş Təhlükəsizlik İdarəsinin rəsi müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov deyib ki, bu ilin noyabrın 1-nə planlaşdırılan parlament seçkiləri sabitlik, əmin-amanlıq şəraitində keçirilməlidir, bu işdə daxil işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Bu məqsədlə parlamentə keçiriləcək seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydanın qorunması və təhlükəsizliyin təmin olunması ilə nazirlik tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib”.

H.Eyvazov qeyd edib ki, müşavirənin əsas məqsədi daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir.

DİN-in idarə rəisi vurğulayıb ki, nazirliyin bütün orqanları oktyabrın 27-dən noyabrın 2-dək gücləndirilmiş iş rejiminə keçəcək, ictimai yerlərdə, küçələrdə şəxsi heyətin hesabına post-patrul naryadlarının sayı artırılacaq.

O, həmçinin bildirib ki, deputatlığa namizədlərin təşviqat kampaniyası zamanı təhlükəsizlik təmin ediləcək: “Seçki dövründə hər bir vətəndaş qanuna əməl etməlidir. Deputatlığa namizədlərin təşviqat kampaniyası zamanı qanun çərçivəsində bütün işlər görüləcək”.

Sonra çıxış edən MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, MSK beynəlxalq təşkilatlarla seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər keçirib. Bugünkü tədbirin məqsədi polis orqanlarının seçki vaxtı xidməti fəaliyyətlərinin tənzimlənməsi ilə bağlıdır: “Biz seçkilərin açıq, azad, şəffaf keçirilməsi üçün çalışırıq. Fəaliyyətimizi daha çox seçki prosesində qanun pozuntularına yol verilməsinin qarşısının alınmasına yönəltmişik. Polislər də bu işdə maraqlı olmalıdır. Çünki ictimai qaydanın pozulmasının qarşısının alınması polis işidir. Seçkilər dövründə isə bu, xüsusi əhəmiyyət kəsb edir. Hamımızın məqsədi seçkilərin demokratik şəraitdə keçirilməsidir”.

Tədbir digər çıxışlarla davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi