Deputatlığa namizəd: "Mənə qarşı "qara piar" kampaniyası başlayıb" - MÜSAHİBƏ

Deputatlığa namizəd: "Mənə qarşı "qara piar" kampaniyası başlayıb" - MÜSAHİBƏ Paşa Məmmədov: "Mən öz prezidentimə inanıram və əminəm ki, Azərbaycanda seçkilər azad, demokratik keçiriləcək"
Milli Məclis
15 Oktyabr , 2015 16:11
Deputatlığa namizəd: Mənə qarşı qara piar kampaniyası başlayıb - MÜSAHİBƏ

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Report" 112 saylı Qax Seçki Dairəsindən deputatlığa bitərəf namizəd Paşa Məmmədovun müsahibəsini təqdim edir. 

- Son vaxtlar sizə qarşı ağır ittihamlar irəli sürülür. Sizcə, bunun arxasında kimlər dayanır və bu ittihamlar barədə nə deyə bilərsiniz?

- Azərbaycanda gənclərə yaradılan şəraitdən bəhrələnib, Prezident İlham Əliyevin gənclərə verdiyi önəmdən ruhlanaraq, xaricdə topladığım təcrübə ilə həmyerlilərimə dəstək olmaq məqsədilə 112 saylı Qax Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm. Bu, Konstitusiyamızın mənə verdiyi haqdır. Mən öz Prezidentimə inanıram və əminəm ki, Azərbaycanda seçkilər azad, demokratik və şəffaf keçiriləcək.

Güman edirəm ki, bundan ehtiyatlanan və mənim Qax əhalisi arasında nüfuzumu görən rəqiblərim və ya onlarla sıx əlaqədə olanlar mənə qarşı "qara piar" kampaniyasına başlayıb.

Özünə hörmət edən media qurumu şər və böhtanla dolu olan anonim yazılara əhəmiyyət verməməli və yalnız faktlara əsaslanan yazıları dərc etməlidir. Belə ki, mənim adıma çıxarılan “Mənə səs verməyən ermənidir” sözləri çox iyrənc yalandır. Həmyerlilərim olan qaxlılara və bu cür məqalələri oxuyanlara sizin kimi nüfuzlu bir agentlik vasitəsilə bəyan edirəm ki, bu, ağ yalan və böhtandır. Bu məni nüfuzdan salmaq məqsədilə ortaya atılan şərdir. Mən yalnız və yalnız öz həmyerlilərimə arxalanıb bu seçki marafonuna qoşulmuşam. 

Mənim sonuncu iş yerimlə bağlı da həqiqəti əks etdirməyən məlumatlar yayırlar. Sonuncu iş yerim Ukraynada qeydiyyatda olan “Fashion Avenue” şirkəti olub. Bu da tərcümeyi-halımda göstərilib. Başqa şirkətlərlə heç bir əlaqəm olmayıb. Mən 5 xarici ölkədə yaşamışam və təcrübə toplamışam. Bir çox millətlərdən olan dost-tanışlarım var. 

İtalyan tanışıma gəlincə, o, 11 şirkət sahibi və İtaliya, ABŞ, Ukrayna, Norveç kimi dövlətlərdə tanınan iş adamıdır. Qax rayonundan üç dəfə deputat mandatı əldə edən Azər Kərimli İtaliya mediasında sifarişli yazıların yer almasına etiraz edirdi, görünür, bizdə də belə hallar baş verir. Mənim Dubay şəhərində vitse-konsul olmağıma da şübhə ilə yanaşılıb.

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyinin mənə verdiyi diplomatik akkreditə kartım var. Mən Dubay şəhərində vitse-konsul kimi akkreditə olunmuşam. O ki, qaldı ikinci katibə, o yazını yazdıranların, görünür, diplomatiyadan anlayışı yoxdur. Bilməyənlər üçün deyirəm: biri var akkreditə olunmuş vəzifə, biri də var rütbə. Mən ikinci dərəcəli ikinci katib diplomatik rütbəsinə malikəm.

- Sizi Ukrayna inqlabçıları, Azərbaycanın Avropa İttifaqındakı keçmiş səfiri Arif Məmmədov və Rusiyada yaşayıb-işləyən böyük iş adamlarının bir neçə il öncə təsis etdikləri və aylar öncə fəaliyyətini dayandıran "Milyarderlər İttifaqı" ilə əlaqələrdə ittiham edirlər. Sizin bu qüvvələrlə əlaqəniz olubmu və ya varmı? 

- Bu, tamamilə cəfəngiyyatdır! Ukraynada “inqilabçı” adlanan qüvvələr artıq iki ilə yaxındır ki, Ukraynanın hakimiyyətidir və Ukrayna Azərbaycanın strateji müttəfiqidir. O yazını yazdıranlara məsləhət görərdim ki, bu cür ifadələrin Azərbaycan mətbuatında getməsinin bizim dövlətin mövqeyinə nə qədər uyğun olub-olmamasını bir anlıq düşünsünlər. Arif Məmmədova gəldikdə, mən onun hərəkətlərinə ən birinci açıq-aşkar qarşı çıxan diplomat olmuşam. 

"Milyarderlər İttifaqı" haqda heç bir məlumatım yoxdur.

- Bəzi şəxslər hesab edirlər ki, sizin rəhbəri olduğunuz diaspor təşkilatı heç bir iş görmür, nüfuzu və fəaliyyətinin əhəmiyyəti yoxdur. Təşkilatınız indiyədək nə kimi işlər görüb? 

- Bu da onların ağlı! Diaspor fəaliyyəti dövlət əhəmiyyətli bir məsələdir. Azərbaycanla və ya azərbaycanlılarla bağlı təşkilatların nüfuzu və əhəmiyyətini daha da şişirtmək əvəzinə, kimlərinsə mənafeyi naminə baltalayırıq. Bunu yalnız dövlətinin və millətinin marağını düşünməyən insanlar edər. Bununla da onlar bir daha sübut etdilər ki, öz çirkin əməllərinə nail olmaq naminə Azərbaycanın diaspor maraqlarına zərbə vurmaqdan çəkinmirlər və milli maraqlara da qarşı çıxırlar. El arasında belələrinə “sapı özümüzdən olan baltalar” deyirlər. Belələrinə bu cür səlahiyyətlər verən və onlara şərait yaradan bundan xəbərdardımı? Ukrayna Qafqaz Xalqları Konqresinin rəhbəri və Ukraynada ümumən Qafqazın adından danışan insanın azərbaycanlı olması Ukraynadakı erməni lobbisinin boğazında bir sümük kimi qalıb. Azərbaycanda çap olunan bu cür yazıları onlar bayraq edib qapı-qapı gəzəcəklər və Qafqaz millətlərinin ayrılığında diaspor təşkilatlarının rəhbərlərinin üstünə düşəcəklər. Erməni lobbisi bu yazıları Paşa Məmmədovun vətənində diaspor rəhbəri kimi sayılmadığının dəlili kimi göstərəcək. Mənim ümumən Qafqazın adından danışmağımı qəbul etməyənlər o səlahiyyəti mənim əlimdən alıb ötürərlər hansısa “Aşot”a. Haqqımda belə yazılar yazdıranlar bunamı nail olmaq istəyirlər? Budurmu onların niyyəti və onlara himayədarlıq edən insanın onların bu cür çirkin əməllərindən xəbəri varmı? 

Ukrayna Qafqaz Xalqları Konqresinin hansı nüfüza malik olmasına gəlincə, bu, həm Azərbaycan, həm də xarici medianın mənə o təşkilatın rəhbəri kimi verdiyi önəmdən görünür. Artıq şərhə ehtiyac yoxdur.

- Paşa müəllim, parlament seçkilərindən sonra atanızın işdən çıxarılacağı və hüquq-mühafizə orqanlarının sizin haqqınızda araşdırmaya başlayacağı ilə bağlı yazılanlara münasibətiniz necədir? Belə məsələlər olacağını gözləyirsiniz? 

- Azərbaycan azad və demokratik ölkədir. Seçkilərdə iştirak etdiyimə görə təzyiq və təhdidlərə məruz qalmamı gözləyənlərin arzusu ürəklərində qalacaq. Bələ yazıları sifariş edənlər düşünmürlərmi ki, bu cür yazıları ATƏT və ya AŞPA nümayəndələri oxusalar, hansı nəticə çıxara bilərlər? Mən Ukrayna Qafqaz Xalqları Konqesi (UQXK) adından beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı qərəzli çıxışlara, bəyanatların verilməsinə qarşı çıxan ictimai-siyasi xadim kimi hesab edirəm ki, bu cür yazıları sifariş edənlər məmləkətimizin düşmənlərinin dəyirmanına su tökməklə məşğuldurlar. O yazıları sifarş edənlərin ifşa olunması Azərbaycan dövlətinin marağında olmalıdır. 

Belə hallara yol verənlər birbaşa Prezidentimizin yürütdüyü daxili və xarici siyasətə qarşı çıxırlar. 

Mənim atam həkimdi. Onun sənətinimi əlindən alacaqlar? Mənim atam SSRİ məkanında ağciyər xəstəlikləri üzrə ən məhşur cərrahlardan biridir, hətta 1989-1991-ci illərdə Türkiyədən, İsraildən və ABŞ-dan iş təklifi alıb. ABŞ-ın Boston klinikasının dəvətini qəbul edib və 24 elmi əsərin müəllifidir ki, onlardan bir çoxu Rusiya tibb ocaqlarında dərslik kimi istifadə olunur. Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak edib və 1992-ci ildən YAP-ın üzvüdür.

Sonda isə seçki marafonu dövründə hər bir namizədə tövsiyə edərdim ki, siyasətlə münasibətləri bir-birinə qarışdırmasınlar və rəqiblərinə düşmən kimi baxmasınlar.

Son xəbərlər

Orphus sistemi