Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərin monitorinqinə dair hazırladığı aralıq hesabatını təqdim edib.
“Report “ xəbər verir ki, AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bununla bağlı keçirilən mətbuat konfransında bildirib ki, hesabat sentyabrın 1-dən oktyabrın 26-na qədər olan dövrü əhatə edir. M.Zülfüqarlı deyib ki, monitorinqin nəticələri Azərbaycanda tam ictimai-siyasi sabitliyin olduğunu göstərir: “Bu da onu deməyə imkan verir ki, Azərbaycanda normal və ədalətli seçkilərin keçirilməsinə şərait yaradılıb”.
O bildirib ki, sərbəst toplaşmaq azadlığı Azərbaycan qanunvericiliyi çərçivəsində tam təmin edilib və bununla bağlı hər hansı bir nöqsan yoxdur: "Həm seçkiqabağı təşviqat dövründə, həm də digər dövrlərdə sərbəst toplaşmaq azadlığı təmin edilir. Bu il Mərkəzi Seçki Komissiyası təqvim planına uyğun olaraq bütün tədbirləri vaxtında yerinə yetirib və daha məhsuldar işləyib. Namizədlərin sənədlərinin yoxlanması və qeydə alınması prosesi də operativ şəkildə həyata keçirilib".