Yuxarı

​Yazıçı-publisist Orxan Fikrətoğluya Mətbuat Şurasının mükafatı təqdim olunub

Orxan Fikrətoğlunun həm jurnalistikanın, həm kino işinin populyarlaşmasında və sevilməsində müstəsna əməyi var

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış yazıçı, jurnalist-publisist Orxan Fikrətoğlu ilə görüş keçirilib.

Bu barədə “Report”a Şuranın mətbuat xidmətindən məlumat verilib.

Toplantıda çıxış edən MŞ sədri, Milli Məclisinin deputatı Əflatun Amaşov 50 illik yubileyini qeyd edən O.Fikrətoğlunun özünəməxsus yaradıcılıq dəst-xəttindən söz açıb. Deputat bildirib ki, yubilyarın çoxşaxəli diapazona malik fəaliyyətində başlıca yeri jurnalistika tutub. “Biz Orxan Fikrətoğlunu həm də istedadlı ssenarist və rejissor kimi də tanıyırıq. O, kino işinin müasir dövrdəki ən yaxşı bilicilərindəndir. Ancaq hesab edirəm ki, digər fəaliyyət istiqamətləri çıxış nöqtəsini məhz jurnalistikadan və publisistikadan götürüb. Onun təqdimatları hər zaman düşündürüb. Düşündürdükcə də insanlar əsl həqiqətlərin nədən ibarət olduğunu daha yaxından dərk etmək imkanı qazanıblar”, - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, O.Fikrətoğlunun həm jurnalistikanın, həm kino işinin populyarlaşmasında və sevilməsində müstəsna əməyi var.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə O.Fikrətoğlunu publisistik yazıları, televiziya proqramları, müxtəlif ekran işləri maraqla qarşılanan az sayda yaradıcılıq adamlarından biri kimi dəyərləndirib.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, Şuranın İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın çıxışlarında O.Fikrətoğlunun fəaliyyət dəst-xəttini xarakterizə edən müxtəlif fikirlər səsləndirilib, onun yaradıcılığının örnək səciyyə daşıyan məqamlarına nəzər salınıb.

Görüşdə O.Fikrətoğluya Azərbaycan Mətbuat Şurasının “Həqiqətə xidmətə görə” mükafatı da təqdim olunub.

O.Fikrətoğlu çıxışında yaradıcılığının müxtəlif məqamları ilə bağlı fikirlərini səsləndirib, xatirələrini bölüşüb. O, əməyinə verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Orxan Fikrətoğlu (Orxan Sadıqov) 1966-cı ildə Bakıda anadan olub. 1991-ci ildə Moskvada Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Müxtəlif illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlərarası MİR Teleşirkətinin direktor müavini, Mozalan Satirik Kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. Hazırda Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, ATV telekanılında veriliş aparıcısıdır. Yeddi bədii nəsr kitabının, üç publisitik kitabın müəllifidir.

50 yaşlı O.Fikrətoğlunun dövrü mətbuatda yüzlərlə hekayəsi, povesti və publisistik yazıları işıq üzü görüb. Onlarla bədii filmin ssenari müəllifi olan yubilyarın əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox başqa ölkələrdə çap olunub. Onun “Yeddi” romanı Almaniyada mükafata layiq görülüb, hekayələri Oksford Universitetinin dərsliklərinə salınıb, “Dünya Nəsr Antalogiyası”na düşüb. Bir sıra respublika mükafatlarının laureatı adını qazanmış O.Fikrətoğlunun “TAS”, “Qıyığın ölümü”, “Şəkilçi və şəkilçi” pyesləri ölkə teatrlarında səhnələşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi