Yuxarı
    Bağlamaq

    ​Türkiyənin tanınmış media nümayəndələri Prezident Administrasiyası və Milli Məclisdə olublar

    Səfər Mətbuat Şurasının dəvəti ilə baş tutub

    Bakı. 4 aprel. REPORT.AZ/ 2-5 aprel tarixlərində Mətbuat Şurasının dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Prezident Administrasiyası və Milli Məclisində görüşlər keçiriblər.

    Mətbuat Şurasından "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə dövlət səviyyəsində aparılan media siyasətinin tərkib hissələrindən söz açıb.

    O, Türkiyə və Azərbaycan arasındakı strateji müttəfiqlik xəttinin mühüm həlqələrindən birinin də media əməkdaşlığına söykəndiyini vurğulayıb. Ə. Həsənov hər iki ölkə mediasının türk dünyasının ortaq problemlərinin dünya birliyinə çatdırılmasındakı fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac duyulduğunu vurğulayıb.

    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların son durumu haqqında məlumat verən Ə.Həsənov qeyd edib ki, ölkəmiz rəsmi Ankaranın bu məsələ ilə əlaqədar mövqeyini yüksək qiymətləndirir. O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin nizamlanması prosesində ilk növbədə sülh variantına üstünlük verir. Dövlət başçısının torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə olunacağı ilə bağlı prinsipial mövqeyini diqqətə çatdıran Ə.Həsənov həmçinin qonaqların müxtəlif mövzulardakı suallarını da cavablandırıb.

    Türkiyəli jurnalistləri Milli Məclisin sədri Oqtay Əsədovun adından salamlayan parlamentin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycan və Türkiyənin münasibətləri təkcə iki ölkə arasındakı əməkdaşlığa deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış milli, dini ənənələrinə, tarixi birliyinə söykənir. B.Muradova münasibətlərin stratejiliyinə toxunaraq mövcud istiqamətdə media orqanlarının missiyasının müstəsna əhəmiyyətini vurğulayıb.

    Türkiyə Qəzetcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. O, xüsusən də TQC-nin türk dünyasının media qurumlarının qarşılıqlı əməkdaşlıq konturlarını formalaşdırmağa yönələn işlərindən bəhs edib. Mövcud xüsusda Əskişəhərdə 350 nümayəndənin iştirakı ilə baş tutmuş I Türk Dünyası Qəzetçilər Şurasının konfransı üzərində dayanıb.

    Bundan sonra türkiyəli qonaqlar I Avropa Olimpiya Oyunlarının keçiriləcəyi idman qurğuları ilə tanış olublar. Onlara komplekslərin texniki xüsusiyyətləri ilə bağlı məlumat verilib. Həmçinin mötəbər idman hadisəsi ilə bağlı görülmüş işlərdən söz açılıb.

    Qeyd edək ki, qardaş ölkənin «Sabah», «Posta», «Hürriyyət» qəzetlərinin, Fox, NTV, ATV, «Kanal A», «CNN türk» və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetəcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edir. Onların ölkəmizə səfərindən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

    MŞ-nin beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqların aprelin 4-ü və 5-də Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, Atatürk Mərkəzində, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Azərbaycan Mətbuat Şurasında görüşləri keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi