Azərbaycan televiziyaları üzrə aparılan monitorinqin nəticələri açıqlanacaq

Azərbaycan televiziyaları üzrə aparılan monitorinqin nəticələri açıqlanacaq Monitorinq televiziyaların xəbər və xəbərdən törəmə proqramlarını əhatə edir
Media
19 Mart , 2015 11:28
Azərbaycan televiziyaları üzrə aparılan monitorinqin nəticələri açıqlanacaq

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan televiziyalarında ədəbi dilin normalarına riayət olunması istiqamətində aparılan monitorinqin nəticələrinin aprel ayının birinci ongünlüyündə açıqlanması nəzərdə tutulur. Bu barədə "Report"a Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, monitorinq qrupunun üzvü Nəzakət Qaziyeva məlumat verib.

O bildirib ki, kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalarda Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsi, qorunması, inkişaf etdirilməsi məsələlərinə diqqət artırılmalıdır: "Telekanalların auditoriyası daha genişdir. Günümüzün reallığı budur ki, insanlar məlumatı daha çox telekanallardan alır, televiziya hər gün yaşından və sosial vəziyyətindən asılı olmayaraq hamının izlədiyi mənbədir. Bu səbəbdən də kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunmasına daha çox fikir verilməlidir. Hazırda telekanallarda dilimizin normalarının pozulması ana dilimizin inkişafına daha çox mənfi təsir göstərir".

N.Qaziyeva bildirib ki, "Azərbaycan dilinin inkişafı və düzgün tətbiqinə dair Dövlət Proqramı"nın tələblərinə əsasən aparılan monitorinq televiziyaların yalnız xəbər və xəbərdən törəmə proqramlarını əhatə edir: "İnstitutun işi ədəbi dilin normalarına nə dərəcədə riayət olunmasını aşkar etməkdir. Televiziyada ədəbi dilin vəziyyətinə nəzarət televiziya kanallarının rəhbərlərinin üzərinə düşən məsuliyyətdir".

Onun fikrincə, telekanalların dilinə Milli Televiziya və Radio Şurası nəzarət etməlidir.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Azərbaycan televiziyalarında ədəbi dilin normalarına necə riayət olunmasını öyrənmək üçün monitorinq həyata keçirir. Monitorinqin nəticələri ilə bağlı Nəsimi adına Dilçilik İnstitutu və MTRŞ birgə mətbuat konfransı keçirəcək.

Son xəbərlər

Orphus sistemi