Yuxarı

Tbilisidə Kütləvi informasiya vasitələrinin XIII Cənubi Qafqaz konfransı keçirilir

Tədbir “KİV-də söz və ifadə azadlığında müxtəlif çağırışlar” mövzusuna həsr olunub

Tbilisi. 6 iyul. REPORT.AZ/ Tbilisidə Kütləvi informasiya vasitələrinin XIII Cənubi Qafqaz konfransı keçirilir.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək tədbir “KİV-də söz və ifadə azadlığında müxtəlif çağırışlar” mövzusuna həsr olunub.

Beynəlxalq konfransda Azərbaycanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, müxtəlif KİV, QHT nümayəndələri və müstəqil ekspertlər təmsil edirlər.

Konfransda əsasən Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyi, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi və s. məsələlər müzakirə olunur.

Tədbirdə Gürcüstanın xarici işlər naziri Mixail Canalidze ölkəsində söz, mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərdən danışıb: "Gürcüstanda bu il parlament seçkiləri keçiriləcək. Seçkiləri izləmək üçün xeyli sayda beynəlxalq müşahidəçi və jurnalist dəvət olunacaq. Gürcüstan onların təhlükəsizliyini tam təmin edəcək".

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç qloballaşan dünyada informasiya mübadiləsi, mətbuat azadlığının təmin olunmasının vacibliyini vurğulayıb: "Son vaxtlar qaynar bölgələrdə, eləcə də digər mühitlərdə vəzifə borcunu yerinə yetirən çoxlu sayda jurnalist qətlə yetirilib, təhqir və təzyiqlərə məruz qalıb. Bizim əsas məqsədimiz jurnalistlərin və sosial şəbəkələrdə çalışan blogerlərin təhlükəsizliyinə nail olmaqdır. Konfransın əsas məqsədi bu barədə toplantı iştirakçılarının fikirlərini öyrənmək və konsepsiya hazırlamaqdır".

Konfransda jurnalistlərin təhlükəsizliyi, söz azadlığı, mətbuat azadlığı istiqamətində görülən işlərdən danışılıb, müxtəlif fikirlər səslənib. Jurnalist azadlığı, təhlükəsizliyi, onlara dəyən ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrasının yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi