Yuxarı

СNN telekanalı Azərbaycanın milli idman növü - çövkən haqqında reportaj hazırlayıb

Bu, Azərbaycan tarixinin bir hissəsidir...

Bakı. 11 iyun. REPORT.AZ/ СNN telekanalı Azərbaycanın milli idman növü - çövkənə süjet həsr edib. "Report" xəbər verir ki, süjet "Yolda" (On the Road) rubrikası çərçivəsində nümayiş olunub və Azərbaycanda keçiriləcək "Bakı-2015" I Avropa oyunlarına həsr edilib. 

"Bu, Azərbaycanın milli idman növüdür. Lakin bu idman növü əsəbləri zəif olan insanlar üçün deyil", - reportajda qeyd olunub. 

Müəlliflər vurğulayıb ki, çövkən çox qədim oyundur. Qaydalar çətin deyil, lakin oyun üçün ustalıq və cəsarət tələb olunur. "Bu, Azərbaycan tarixinin bir hissəsidir... Həyatda nədənsə qorxan insanlar bu oyunu oynaya bilməz", - Azərbaycan Atçılıq İdman Federasiyasının baş katibi Bəhruz Nəbiyev CNN-ə bildirib.  

Çövkən oyununu Qarabağın məşhur atları olmadan təsəvvür etmək mümkün deyil. Reportajda o da qeyd olunub ki, həmin atlar Azərbaycanda ciddi mühafizə olunur və qorunur. 

Şəkinin dağ ərazilərində bu atların  yetişdirilməsi ilə məşğul olan Yaşar Quluzadə bildirib ki, Qarabağ atlarının sayının kəskin azalmasının səbəblərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu gün Azərbaycan hökuməti bu cinsin qorunması və sayının artırılması üçün bütün zəruri tədbirləri görür. 

"Qarabağ atları milli irs və iftixarın simvoludur. Bu, çox qədim, milli at cinsidir və bizim milli özünəməxsusluğumuzun ayrılmaz parçasıdır", - ölkənin Kənd Təssərüfatı Nazirliyinin nümayəndəsi Xəndan Rəcəbli CNN-ə müsahibəsində bildirib. 

Qeyd edək ki, CNN-nin "Yolda" (On the Road) rubrikası dünya ölkələrinin mədəniyyəti, irsi və adət-ənənələrinə həsr olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi