Yuxarı

Şirməmməd Hüseynov vəfat edib

Şirməmməd Hüseynov vəfat edib

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov vəfat edib.

Bu barədə “Report”a BDU-dan məlumat verilib. 

Xatırladaq ki, Ş.Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə bu şəhərdəki 2 illik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə o vaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU-nun Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.

O, 1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasında müəllim və dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə BDU-nun Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib, 1988-ci ildən kafedranın professorudur.

Böyük ömür yolu keçən Ş.Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidmətləri var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi