Yuxarı

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

Tədbirin gündəliyinə 4 məsələ daxil edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sədrliyi ilə keçirilən tədbirin gündəliyinə 4 məsələ daxil edilib.

Əvvəlcə Ələt qəsəbə sakini İmaməli Səmədovun "Haqqın sədası press" qəzeti ilə bağlı şikayətinə baxılıb. Komissiya üzvləri ötən il ərzində cəmi 9 sayı işıq üzü görmüş bu mətbu nəşrdə etik prinsiplərin gözlənilmədiyini, peşədən sui-istifadəyə yol verildiyini müəyyənləşdiriblər. Rəyə gəlinib ki, bütün bunlar və digər amillər qəzetin fəaliyyətinin MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılmasının vacibliyini şərtləndirir. Həmin komissiyanın rəyi "Haqqın sədası press" qəzeti barədə Mətbuat Şurasının daha dolğun qərarının çıxarılmasına yardımçı ola bilər.

İclasda daha iki kütləvi informasiya vasitəsi barədə məsələnin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında müzakirəsi məqbul sayılıb. Bunlar "Yüksələn Azərbaycan" qəzeti və Jurnalist Araşdırma Mərkəzidir ("jam.az" saytı).

Komissiya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağının qəzetlə bağlı müraciətinin müzakirəsi zamanı mətbu nəşrin MŞ-nin "qara siyahı"sındakı bir sıra KİV-lərlə korporativ əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini müəyyənləşdirib. O da müəyyən olunub ki, baş redaktor Kifayət Vəliyevanın jurnalist peşəsi ilə bağlı olmayan maraqlarının həyata keçirilməsinə xüsusilə "Ədalət tribunası" qəzeti (baş redaktoru Aynur Babayeva) fəal surətdə dəstək verir. Hər iki qəzetdə yoxlanılmamış, dəlil-sübutlara əsaslanmayan, böhtan xarakterli materialların olduğu kimi təqdimatı, tədbir görülmək üçün müvafiq orqanlara göndərilməsi və sair oxşar metodlar bunun əlamətləri sayılıb. Qeyd olunub ki, cəmi bir ay müddətində "Ədalət tribunası" qəzeti ilə əlaqədar Mətbuat Şurasına Mingəçevir Turizm Kollecindən, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından, Göygöl Suvarma Sistemləri İdarəsindən, Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən və ölkənin digər yerlərindən ünvanlanan şikayətlər bu KİV-lərin fəaliyyətlərində dönüş yaratmaq istəmədiklərinin əlamətidir.

Salyan Rayon İcra Hakimiyyətinin Jurnalist Araşdırma Mərkəzi ("jam.az" saytı) barədə müraciətinin müzakirəsi zamanı belə rəyə gəlinib ki, Mətbuat Şurası ötən il bu KİV-ə xəbərdarlıq etməsinə baxmayaraq, orada etik prinsiplərə sayğılı münasibət nəzərə çarpmır. Salyan RİH-in şikayətini doğuran yazılarda belə hallar özünü qabarıq göstərir.

Laçın Rayon İcra Hakimiyyətinin "hefteaz.tv" saytı ilə bağlı şikayətinə gəldikdə isə şikayətçi tərəf məsələ barədə məhkəməyə də müraciət etdiyi üçün MŞ-nin prosedur qaydalarına uyğun olaraq müraciətə baxılmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi