Seymur Verdizadə: “Əhəd Abıyevin xidməti otağına məxsus telefonla təhqir olunmuşam”

Seymur Verdizadə: “Əhəd Abıyevin xidməti otağına məxsus telefonla təhqir olunmuşam” Bakı. 29 noyabr. REPORT.AZ/ “Təhdidlərə məruz qalmağımın səbəbi Qafqazinfo.az saytında dərc olunmuş “Əsa ilə gəzən icra başçısı, işsiz gənclər” adlı yazım olub. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və onun əlaltıları hesab edirlər ki, qarşı tərəfin - Əhəd Abıyevin şərəf və ləyaqətini alçaltmışam. Buna görə də noyabrın 28-dən Əhəd Abıyev dostlarıma zəng edir, hədə-qorxu gəlir”.
Media
29 Noyabr , 2017 16:47
Seymur Verdizadə: “Əhəd Abıyevin xidməti otağına məxsus telefonla təhqir olunmuşam”

Bakı. 29 noyabr. REPORT.AZ/ “Təhdidlərə məruz qalmağımın səbəbi Qafqazinfo.az saytında dərc olunmuş “Əsa ilə gəzən icra başçısı, işsiz gənclər” adlı yazım olub. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və onun əlaltıları hesab edirlər ki, qarşı tərəfin - Əhəd Abıyevin şərəf və ləyaqətini alçaltmışam. Buna görə də noyabrın 28-dən Əhəd Abıyev dostlarıma zəng edir, hədə-qorxu gəlir”.

Bunu “Report”a jurnalist Seymur Verdizadə deyib.

Jurnalistin sözlərinə görə, bu gün - noyabrın 29-da səhər saatlarında Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Namiq Süleymanov Əhəd Abıyevin xidməti otağına məxsus olan 022-215-48-47 nömrəsindən onun yaşadığı mənzilə zəng edərək təhqirlər səsləndirib: “Təbii ki, ona fikir vermədim, sadəcə, qərar verdim ki, bu məsələni ictimailəşdirim. Bu, şəxsi məsələ deyil, elə olsaydı, bunu ictimailəşdirməzdim. Mən yazıya, azad fikrə görə təhdid edilirəm. Elə ağır ifadələr işlədib ki, ifadə belə edə bilmirəm”.

O, məhkəməyə müraciət etməyəcəyini qeyd edib: “Hüquqi müstəvidə hər hansı addım atmaq fikrim yoxdur. Ölkənin aparıcı qeyri-hökumət təşkilatlarından birinin rəhbəriyəm. Müxtəlif bölgələrdə tədbirlərdə oluram. Yəni işim çoxdur. Ona görə də Əhəd Abıyevə vaxt ayırmayacam. Sadəcə, Azərbaycan cəmiyyətinə Əhəd Abıyevin simasını göstərmək istədim. Geri çəkilmək fikrim də yoxdur. Əhəd Abıyevə qarşı heç vaxt kampaniya aparmamışam, sadəcə, bir dəfə yazı yazmışam. Təbii ki, bundan sonra da yazacağam. Əhəd Abıyev dostlarımdan birinə deyib ki, Kikboksinq Federasiyasının vitse-prezidentidir. Yəni mesaj göndərir ki, məni idmançılar vasitəsilə cəzalandıra bilər. Amma mən çəkinmirəm”.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev isə “Report”a açıqlamasında deyib ki, Seymur Verdizadəni tanımır, o, deyilənləri “şər-böhtan” adlandırıb: "İstənilən jurnalist şər-böhtan yazmamalıdır. Onu heç vaxt görməmişəm. Özüm idmançıyam. Haqqımda yazır ki, guya xəstəyəm. Üzgüçülük, boks üzrə çempionam. Mən əlimdə əsa ilə necə gəzə bilərəm? Kikboksinq Federasiyasının vitse-prezidentiyəm. Xəstə deyiləm. Bu nə söhbətlərdir... İdmançıyam, ermənilərlə də vuruşmağa hazıram”. 

O, barəsində şər və böhtan yazıldığını iddia edib, bu cür yazılar yazanlar barəsində təhqiramiz ifadələr işlədib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da məsələyə münasibət bildirərək jurnalistin təhqir edilməsini pisləyib: "Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər. Bunu təsadüfən bildirmədim. Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir. Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir”.

Son xəbərlər

Orphus sistemi