Səfir: "Azərbaycan və Ukraynada baş verən hadisələr haqqında obyektiv informasiyaya ehtiyac var"

Səfir: "Azərbaycan və Ukraynada baş verən hadisələr haqqında obyektiv informasiyaya ehtiyac var" ​Ukraynanın Azərbaycandakı səfiri AzərTAc-da olub
Media
26 Dekabr , 2014 16:41
Səfir: Azərbaycan və Ukraynada baş verən hadisələr haqqında obyektiv informasiyaya ehtiyac var

Bakı. 26 dekabr. REPORT.AZ/ "Azərbaycan və Ukraynanı sıx dostluq münasibətləri birləşdirir. İki ölkənin informasiya agentlikləri AzərTAc və Ukrinform arasında da möhkəm tərəfdaşlıq əlaqələri mövcuddur". "Report" xəbər verir ki, bunu AzərTAc-ın baş direktoru Aslan Aslanov Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşündə deyib.

Görüşdə iki ölkə arasında qarşılıqlı informasiya mübadiləsinin indiki vəziyyətinə və perspektivlərinə nəzər salınıb. Qeyd olunub ki, Ukrinform həm MDB məkanında, həm də beynəlxalq təşkilatlarda AzərTAc-ın ən sıx əlaqələr qurduğu informasiya agentliklərindən biridir: "AzərTAc özünün ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində Ukraynanın bu xəbər qurumunun iştirakına şərait yaratmağa hazırdır".

Səfir Aleksandr Mişenko iki ölkənin xalqları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, Azərbaycanın Ukraynaya daim dəstək verdiyini vurğulayıb: "Ukraynada yaşayan azərbaycanlılar ölkənin bu çətin günlərində də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, onu öz vətənləri kimi qəbul edirlər. Hazırda Ukraynanın müxtəlif ali məktəblərində Azərbaycandan xeyli tələbə təhsil alır. Bu gün bütün dünyada həm Azərbaycan, həm də Ukraynada baş verən hadisələr haqqında obyektiv və qərəzsiz informasiyaya ehtiyac var. "AzərTAc" da Azərbaycan cəmiyyətinə belə məlumatların çatdırılmasında önəmli rol oynayır".

Görüşdə regiondakı münaqişələrin xalqlara və dövlətlərə çətinliklər yaratdığı, inkişafa maneələr törətdiyi qeyd edilib, ictimaiyyətin obyektiv məlumatlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi