Yuxarı

Rusiyanın "Pravda" nəşri Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı təzyiqini tənqid edib

Bu gün Azərbaycan özünü dünya siyasətinin etibarlı subyekti kimi göstərir

Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyanın "Pravda" nəşri Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı təzyiqini tənqid edib.

Bu barədə "Report" nəşrin saytına istinadən xəbər verir. Məqalədə deyilir ki, Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində bəzi qərb KİV-ləri və siyasətçiləri idman bayramını boykot etməyə çağırıb. 

"Belə ki, Avropa Parlamentində "yaşıllar" qrupu Azərbaycanda insan haqları ilə bağlı  məsələ üzrə qətnamə qəbul etməyi təklif edib, lakin bu təşəbbüs uğursuz olub.  "Euronews" telekanalı, ikili standart nümayiş etdirərək, Avropa Oyunlarının açılış mərasimindən bir dənə də olsa reportaj vermədi", - məqalədə qeyd olunub.

Bundan başqa, nəşrdə Dövlət Dumasının deputatı, məşhur boksçu Nikolay Valuyevin sözləri də əksini tapıb. O da Aİ-nin Rusiya ilə "səhv"  tərəfdaşlığına görə Azərbaycana qarşı mövqeyini tənqid edib.   

"Pravda" xatırladıb ki, Rusiya Soçidəki Olimpiya oyunlarının hazırlığı və keçirilməsi zamanı artıq bu cür pressinqlə üzləşib, lakin bütün siyasi oyunlara baxmayaraq, Olimpiada-2014 əsl idman bayramı oldu. 

"Bu gün Azərbaycan öz meydançalarını ünsiyyət, dialoq və beynəlxalq tədbirlərin keçirilməsi üçün təqdim edərək, özünü dünya siyasətinin etibarlı subyekti kimi göstərir. Lakin öz ideya və iradəsini ölkəyə zorla qəbul etdirmək istəyən qüvvələr vəziyyəti yetərincə qiymətləndirmir və dərk etmir ki, azərbaycanlılarla güc və təhdid dilində danışmaq olmaz. Prezident İlham Əliyev dəfələrlə sübut edib ki, hansısa təşəbbüslər onun ölkəsinin milli maraqlarına cavab vermədiyi təqdirdə, "yox" sözünü dəqiq deyə bilir", - nəşrdə yazılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi