Rusiyalı jurnalistlər Bakı Slavyan Universitetində olub

Rusiyalı jurnalistlər Bakı Slavyan Universitetində olub BSU barədə xoş təəssüratlarını görüş iştirakçıları ilə bölüşən rusiyalı jurnalistlər tələbələrin suallarını cavablandırıblar
Media
30 Oktyabr , 2015 20:36
Rusiyalı jurnalistlər Bakı Slavyan Universitetində olub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Parlament seçkiləri ərəfəsində Azərbaycana gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələri ilə oktyabrın 30-da Bakı Slavyan Universitetində görüş keçirilib. Nümayəndələr əvvəlcə BSU-nun muzeyində, həmçinin Rus dili və mədəniyyəti mərkəzində olub, burada keçirilən dərslərdə iştirak ediblər.

BSU-dan "Report"a verilən məlumata görə, jurnalistlərlə görüşdə universitetin rektoru, professor Asif Hacıyev qonaqlara rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, BSU-da digər slavyan dilləri ilə yanaşı, rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə, jurnalistika və başqa sahələr üzrə mütəxəssis hazırlanır, habelə rusistika sahəsində fundamental elmi tədqiqatlar aparılır. Rektor qeyd edib ki, universitet Rusiyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirilir. 

A.Hacıyev “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı, universitetdə fəaliyyət göstərən elmi laboratoriyalar və mərkəzlər barədə danışıb. BSU tərəfindən Rusiya, Belarus, Ukrayna, Bolqarıstan universitetlərində yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında qonaqlara məlumat verilib. İsmayıllı rayonunun İvanovka kəndində kompakt yaşayan molokan icması barədə danışan rektor qeyd edib ki, BSU-nun müəllim və tələbələri İvanovka kəndində mütəmadi folklor təcrübəsində olur. Toplanmış folklor nümunələri kitab şəklində çapa hazırlanıb. A.Hacıyev Azərbaycanda rus dilinə böyük maraq olduğunu, bir çox məktəblərdə və universitetlərdə rus dili bölmələrinin, Rus Dram Teatrının fəaliyyət göstərdiyini və bunun dövlət tərəfindən dəstəkləndiyini vurğulayıb. BSU-nun Sankt-Peterburq mərkəzinin rəhbəri, dosent İrina Qədimova Azərbaycana olan böyük məhəbbətindən danışıb. Gənclik illərindən Azərbaycanda yaşayan İ.Qədimova Leninqrad blokadasının iştirakçısı kimi ona bu ölkədə və BSU-da göstərilən diqqətdən söz açıb.

BSU barədə xoş təəssüratlarını görüş iştirakçıları ilə bölüşən rusiyalı jurnalistlər tələbələrin suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi