Yuxarı

Riqada "Şərq Tərəfdaşlığı" ölkələrinin media konfransı keçiriləcək

Riqada "Şərq Tərəfdaşlığı" ölkələrinin media konfransı keçiriləcək

Noyabrın 13-14-də Latviyanın paytaxtı Riqa şəhərində "Şərq Tərəfdaşlığı Media Konfransı-2019: Biznes və Dayanıqlı İnkişaf" adlı tədbir keçiriləcək.

"Report" xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin və Latviya hökumətinin dəstəyi ilə Avropa Komissiyası tərəfindən təşkil olunan konfransda media sahəsində çalışan, təqribən, 100 peşəkarın, medianın inkişafı istiqamətində fəaliyyət göstərən təşkilatların və altı tərəfdaş ölkədən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) və Avropa İttifaqından donor təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Bu konfrans 2017-ci ildə Kiyevdə keçirilən və regionda çalışan peşəkar jurnalistlərin üzləşdiyi əsas problemin iqtisadi dayanıqlıq olduğunu müəyyənləşdirən "II Şərq Tərəfdaşlığı Media Konfransının" davamı olaraq təşkil edilir.

Konfransı giriş sözü ilə Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Baş Direktoratlığının (DG NEAR) Gürcüstan, Moldova və transsərhəd əməkdaşlığının inkişafı departamentinin rəhbəri Matye Buske, Avropa İttifaqının Xarici Siyasət Xidmətinin "Şərq Tərəfdaşlığı" və ATƏT departamentinin direktor müavini Radoslav Darski və Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs açacaq.

Konfransın ilk sessiyasında Avropa Komissiyası tərəfindən "Şərq Tərəfdaşlığı" ölkələrində həyata keçirilən və kütləvi informasiya vasitələrinin ehtiyaclarının müəyyənləşdirilməsinə yönəlmiş kompleks tədqiqatın nəticələri təqdim olunacaq.

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan peşəkar media nümayəndələri uğurlu biznes modelinin qurulması və maliyyə dayanıqlılığının yaxşılaşdırılması mövzusunda təqdimatlarla çıxış edəcəklər.

Konfransın son sessiyasında beynəlxalq donor təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Onlar "Şərq Tərəfdaşlığı" ölkələrində gördükləri işləri və regionda fəaliyyət göstərən müstəqil kütləvi informasiya vasitələrinin müxtəlif ehtiyaclarını ödəməyə yönəlmiş strategiyalarını müzakirəyə çıxaracaqlar.

Konfransın yekun sessiyasında tədbir ərzində əldə olunan nəticələr və tövsiyələr açıqlanacaq. Həmin tövsiyələrin gələcəkdə Şərqi tərəfdaş ölkələrindəki kütləvi informasiya vasitələrinə lazımi dəstəyin müəyyən edilməsinə töhfə verəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi