“Report” jurnalistlər binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirib

“Report” jurnalistlər binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirib 4 əməkdaşın adının müvafiq Komissiyaya təqdim olunması qərara alınıb
Media
30 May , 2017 16:17
“Report” jurnalistlər binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirib
Report.az

Bakı. 30 may. REPORT.AZ/ Bu gün “Report” İnformasiya Agentliyində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.

İclası “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın iki üzvü – Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə və Fondun Müşahidə Şurasının üzvü və MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli izləyib.

İclasa sədrlik edən “Report”un baş redaktoru Murad Əliyev informasiya agentliyində mənzillərin verilməsi ilə bağlı açıqlanan qaydalara və şərtlərə uyğun gələn əməkdaşların adlarını elan edib. İclasda iştirak edən əməkdaşların bu barədə fikirləri öyrənilib. Daha sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə “Report” İnformasiya Agentliyinin 4 əməkdaşının adının müvafiq Komissiyaya təqdim olunması qərara alınıb.

M.Əliyev çıxışında ölkədə mətbuata göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib.

İclasdan sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə Azərbaycanda dövlət başçısının jurnalistlərə qayğısından danışıb. O, bu il Milli Mətbuat Günü ərəfəsində təqdim olunacaq mənzillərin bu qayğının davamı olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü və MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında jurnalistlərə mənzil verilməsi praktikasının dünyada olmadığını xatırladaraq, bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi