Yuxarı

“Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 5 ili tamam olur

​“Report”un 5 illik yubileyidir
“Report” ötən beş il ərzində ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandırıb

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 5 il ötür.

Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşması, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi ilə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədi ilə "Report" İnformasiya Agentliyi Azərbaycanın onlayn media məkanında 2014-cü ildə fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən beş il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına OPERATİV şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı ANALİTİK materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı EKSKLÜZİV açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri FOTO, VİDEO REPORTAJLAR vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “Report”un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

"Report" agentliyinin öz fəaliyyətində xüsusi diqqət ayırdığı məsələlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərin əhatəli işıqlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Hazırda “Report”un işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Gürcüstan, Rusiya, Türkiyə, Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrları yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədi ilə Agentlikdə Media Məktəbi fəaliyyət göstərir. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "Report"da və digər KİV-də fəaliyyətə başlayıb.

“Report.az” mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Onlayn medianın hər gün inkişaf edib dəyişdiyini nəzərə alaraq Report.az bundan sonrakı dövrdə də daim öz işini təkmilləşdirərək cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacaq.

DAXİLİ SİYASƏT

Beş yaşlı “Report”un “Daxili siyasət” şöbəsinin ölkə siyasəti, hərbi, səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə, din, ekologiya, kriminal və sair mövzularda xəbərlər istehsal edir. Bu şöbənin əməkdaşları daim hökumət strukturlarının nümayəndələri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçilərindən eksklüziv müsahibələri oxucuların diqqətinə çatdırırlar. 24 saatlıq iş rejimində işləyən əməkdaşlar baş verən hadisələri yerində izləyir, oxucuları operativ xəbərlərlə təmin edirlər. Şöbə əməkdaşlarının istehsal etdikləri xəbərlərlə yanaşı, hazırladıqları müsahibə və reportajları da daim oxucuların marağına səbəb olur.

“Report”un digər şöbələrinin xəbərləri kimi, “Daxili siyasət” şöbəsinin də məlumatlarından ölkənin bütün kütləvi informasiya vasitələri, o cümlədən televiziya, radio, internet saytlar və qəzetlər istifadə edir, yayır.

Təsadüfi deyil ki, ötən 5 il müddətində şöbənin demək olar, bütün əməkdaşları ayrı-ayrı dövlət qurumları tərəfindən təltif olunublar.

Prezident İlham Əliyevin 15 iyul 2015-ci ildə imzaladığı sərəncamla isə şöbənin redaktoru İmdad Əlizadə “Tərəqqi” medalı ilə təltif edilib.

“Daxili siyasət” şöbəsinin redaktoru Pərvin Abbasov, eləcə də müxbirləri Samirə Abdullayeva, İlkin Pirəli, Səid Qərib, İsmayıl Nəsibli isə müxtəlif dövlət və qeyri-dövlət qurumları tərəfindən dəfələrlə təltif edilib, mükafatlara layiq görülüblər. 

İQTİSADİYYAT

Tam 5 ildir "Report" İnformasiya Agentliyi Azərbaycan oxucusuna iqtisadi sahədə dəqiq, hərtərəfli və operativ məlumatlar təqdim edir. İqtisadiyyat şöbəsinin peşəkar komandasının hazırladığı məhsullar keyfiyyəti, eksklüzivliyi ilə seçilir və bütün sahələri əhatə edir.

Ölkə iqtisadiyyatının lokomotivi sayılan energetika sektoru, o cümlədən neft-qaz sahəsində yeniliklərin işıqlandırılması, Azərbaycanın iştirakı ilə həyata keçirilən beynəlxalq, eləcə də ölkədaxili enerji layihələri, imzalanan mühüm sazişlər, dünya bazarında enerji daşıyıcılarının qiymətlərindəki dəyişikliklər və sair barədə xəbərləri "Report"un iqtisadiyyat bölməsindən oxumaq olar. Bununla yanaşı, Azərbaycan ictimaiyyəti neft-qaz gəlirlərindən necə istifadə olunması, Dövlət Neft Fondunun investisiya siyasəti barədə də “Report” vasitəsilə məlumatlı olur.

Komanda Azərbaycan iqtisadiyyatının son illər diqqət mərkəzində olan qeyri-neft sektoru ilə bağlı da aktiv fəaliyyət göstərir. Sənaye, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, turizm sektorları ilə bağlı xəbərlər, o cümlədən açılan və açılması planlaşdırılan yeni müəssisələr, infrastruktur layihələri ilə bağlı yeniliklər, analitik və araşdırma materialları, ekspert rəyləri böyük maraqla oxunur.

"Report" Azərbaycandakı biznes mühiti, sahibkarlığın inkişafı üçün görülən işlər, vergi və gömrük sahəsində həyata keçirilən islahatlar, ölkəmizin ixrac imkanlarını da diqqətdə saxlayır və oxucularını mütəmadi olaraq məlumatlandırır. Bu baxımdan saytımız iş adamları üçün ən səmərəli resurslardan birinə çevrilib.

Agentlik maliyyə sektorunda da aktivdir. Belə ki, Azərbaycanın maliyyə bazarının iştirakçıları - banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığorta və investisiya şirkətlərinin maliyyə göstəriciləri, eləcə də valyuta və fond bazarındakı vəziyyət barədə hazırlanan xəbərlərin, renkinqlərin, analitik materialların xeyli sayda oxucusu var.

“Report” agentliyi Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiya, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları, beynəlxalq reytinq agentlikləri ilə sıx əlaqədədir və mütəmadi olaraq onların ölkəmiz və qlobal vəziyyət barədə eksklüziv açıqlamalarını, təhlillərini oxuculara təqdim edir.

Bir sözlə, iqtisadi sahədə baş verənlərdən xəbərdar olmaq üçün “Report”u izləmək kifayətdir.  

XARİCİ SİYASƏT

“Report”un Xarici siyasət şöbəsi ölkənin xarici siyasətinə dair bütün xəbərləri, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual məsələlərini əhatə edir.

Fəaliyyətə başladığı ilk günlərdən "Report" xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş səfirlikləri və diplomatik nümayəndəlikləri ilə fəal və sıx əməkdaşlıq edir. Xarici diplomatik korpusun rəhbərləri və nümayəndələri ilə əlaqələrin qurulması üçün "Report" dəfələrlə yüksək səviyyəli diplomatları, o cümlədən Fransa, İran, Rumıniya, Qətər, İsrail, Mərakeş, İndoneziya, Əfqanıstan və digər ölkələrin səfirlərini qəbul edib.

Beş il ərzində "Report" ölkə sərhədlərindən kənara çıxmağı da bacarıb. Agentliyin Gürcüstan, Rusiya, Türkiyə, Fransada xüsusi büroları fəaliyyət göstərir, bir sıra Avropa ölkələrində fəaliyyət gösətərən jurnalistlərlə əməkdaşlıq edir. Sayt lazımlı məlumatın əldə edilməsi və mübadiləsi məqsədi ilə xarici KİV-lərlə fəal əməkdaşlığa üstünlük verir.

Şübhəsiz ki, "Report"un Xarici siyasət şöbəsinin əsas diqqət ayırdığı məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrin əhatəli işıqlandırılmasıdır. Agentlik Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin, habelə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşləri barədə oxuculara operativ şəkildə məlumat verməklə danışıqlar prosesinin gedişatını yaxından izləyir.

Agentliyin Xarici siyasət şöbəsi operativ xəbər istehsalı ilə yanaşı, region və beynəlxalq siyasətlə bağlı analitik materiallar da hazırlayır. Bununla əlaqədar regionun müxtəlif ölkələrindən və xarici ölkələrdən olan nüfuzlu və mövzunu dərindən bilən ekspertlərin fikirləri də öyrənilir.

BÖLGƏLƏR

Fəaliyyətinin 2-ci ilindən başlayaraq Report.az Azərbaycanın bölgələrini əhatə etməyə başladı. Hazırda ölkənin bütün rayonlarını əhatə edən müxbir şəbəkəsi yaradılıb. İndiki statistik göstəricilər Azərbaycanın bölgələrindəki ən mühüm hadisələri ətraflı və operativ işıqlandırılmasında onlayn media arasında “Report”un ən qabaqcıl mövqelərdə olduğunu göstərir.

Tarixə “Aprel döyüşləri” kimi düşən “dördgünlük müharibə”ni “Report”un bölgə müxbirləri gecə-gündüz onlayn şəkildə işıqlandırıblar. İşğaldan azad olunan və Azərbaycan bayrağı sancılmış “Lələtəpə”nin ilk görüntüsünü ölkə və dünya mətbuatına məhz “Report” yayıb.

“Report” İnformasiya Agentliyi Azərbaycanın bölgələrində gənc könüllülərin jurnalistika sahəsində ixtisaslaşmasına da dəstək göstərir. İlkin olaraq Agentliyin Qarabağ, Qərb və Cənub bürosunda könüllülər işə cəlb edilib. Könüllülük fəaliyyətinə cəlb olunmuş gənclər “Report” İnformasiya Agentliyinin bölgələrdəki xüsusi müxbirləri ilə birgə tədbirlərin işıqlandırılması, xəbər və reportajların hazırlanması qaydalarını öyrənir, onlayn medianın müasir tələblərindən irəli gələn yeniliklərin tətbiqi yollarını mənimsəyirlər.

İDMAN

"Report" İnformasiya Agentliyinin İdman departamenti ölkədə və xaricdə keçirilən yarışları operativ şəkildə işıqlandırır, xəbər, müsahibə, foto-video reportajlar hazırlayır, aktual mövzularda təhlil və araşdırmalar aparır.

Departamentin əməkdaşları beynəlxalq yarışlarda Azərbaycan idmançılarının çıxışlarını geniş işıqlandırmaq üçün mütəmadi olaraq xarici ölkələrə ezam olunurlar. Bunlara misal olaraq, "Minsk 2019" ikinci Avropa Oyunları, "Formula 1" üzrə Abu-Dabi Qran-prisi, Azərbaycan millisinin dünya və Avropa çempionatlarının seçmə mərhələ oyunları, klublarımızın Çempionlar Liqası, Avropa Liqası qarşılaşmaları, güləş, cüdo və sair idman növləri üzrə dünya və Avropa çempionatlarını xüsusi qeyd etmək olar.

Ötən dövr ərzində Azərbaycanda baş tutmuş bütün mühüm idman hadisələri (“Bakı 2015” Avropa Oyunları, “Bakı 2017” İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran-prisi və sair) onlayn qaydada işıqlandırılıb. Bunun nəticəsi kimi, Report.az Gənclər və İdman Nazirliyi tərəfindən 2015-ci ilin idman xəbərlərini ən yaxşı işıqlandıran informasiya agentliyi seçilib. 

Bundan başqa, departamentin redaktoru Elşən Məmmədov 2016-cı ilin ən yaxşı idman jurnalisti seçilib, həmçinin 2019-cu ildə İkinci Avropa Oyunlarını peşəkarlıqla işıqlandırdığına görə xüsusi olaraq təltif olunub. Eyni zamanda, Bakıda keçirilmiş mötəbər yarışların işıqlandırılmasında fərqləndikləri üçün jurnalistlər Şamo Quliyev və Təbriz Quliyev Milli Olimpiya Komitəsinin, ayrı-ayrı federasiyaların mükafatlarına layiq görülüblər.

Departament əməkdaşları müxtəlif telekanallarda idman verilişlərində ekspert qismində də çıxış edirlər.

TƏRCÜMƏ

"Report" İnformasiya Agentliyi xəbərləri Azərbaycan, rus və ingilis dillərində dərc edir. Hər gün saytda yerləşdirilən 200-ə yaxın xəbər, analitik yazılar digər dillərə tərcümə olunur.

Agentliyin Tərcümə şöbəsinin əməkdaşlarının peşəkarlığı və operativ işi sayəsində həm Azərbaycanın, həm də region və dünyanın ən aktual xəbərləri geniş auditoriyaya çatdırılır.

Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edən tərcümə prosesinə agentlikdə xüsusi diqqət ayrılır.

MULTİMEDİA

Müasir oxucunun diqqətini əsas cəlb edən xəbər təqdimatının məhz foto və video kontentlə bağlı olduğunu nəzərə alaraq "Report" İnformasiya Agentliyinin multimedia bölməsi ötən 5 il ərzində bütün mühüm hadisə və tədbirləri foto-videokameraların obyektivinə həkk edib.

"Report"un fotoqrafları istənilən ekstremal şəraitdə çalışırlar. Elə bu fəaliyyətlərinə görə 2015-ci ildə Daxili İşlər naziri Ramil Usubov ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirən “Report”çulara təşəkkür elan edib.

Agentliyin gecə-gündüz işləyən operator heyəti istənilən hadisə baş verən yerə dərhal özünü çatdırır, onlayn şəkildə video kontent təqdim edir.

Cəmiyyətin əsas hissəsinin xəbərləri sosial şəbəkələrdən əldə etdiyi nəzərə alaraq "Report"un SMM komandası "Facebook", "İnstaqram" səhifələrində müasir trendlərə uyğun şəkildə məlumatları paylaşır, oxucuların suallarını dərhal cavablandırır.

İNFORMASİYA TEXNOLOGİYALARI 

Hər bir saytın təhlükəsizliyi təbii ki, onun fəaliyyəti üçün həyati vacib əhəmiyyət kəsb edir. "Report"un peşəkar proqramçılardan ibarət heyəti 24 saat saytın təhlükəsizliyinin keşiyində dayanırlar.

Digər tərəfdən, mütəmadi olaraq yeni trendlərin tələbləri ilə saytın visual görünüşünün dəyişdirilməsinə, müəyyən yeni alətlərin tətbiq olmasına ehtiyac yaranır. Daimi olan bu iş İT departamenti tərəfindən koordinasiyalı şəkildə qısa müddətdə həll edilir.

“Report” İnformasiya Agentliyi bütün oxucularına, həmçinin ötən müddət ərzində media orqanı ilə əməkdaşlıq edən  dövlət qurumlarına, deputatlara, QHT-lərə, vəkillərə, səfirliklərə, ekspertlərə təşəkkür edir,  fəaliyyətlərində uğurlar arzulayır!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi