Yuxarı

"Report": ​Ermənilər və onların əlaltılarına Bakı 2015 haştaqını ələ keçirməyə imkan verməyin

“İlk Avropa Oyunlarının twitter səhifəsini mühafizə edək”

Bakı. 12 iyun. REPORT.AZ/ Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX. www.ifex.org ) – dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırıb.

"Report"un əldə etdiyi məlumata görə, təşkilat çağırışında təklif edib ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 19:00-da qoşulsunlar. Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə çağırıb. Təşkilatın bu yönləndirməsindən sonra mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında rol alsın.

Tam dəqiq məlumatlara görə, Avropa Oyunlarının açılış mərasimi başlayan zaman ermənilər də Bakı 2015 haştaqına (#Baku2015) hücum planlaşdırıblar.

"Report" Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.

Bunun qarşısını almaq üçün Bakı 2015 haştaqı ilə Azərbaycan və 1-ci Avropa Oyunları haqqında pozitiv məlumatların yerləşdirilməsi və paylaşılması lazımdır.

Məlumat üçün bildiririk ki, kampaniya I Avropa Oyunlarının rəsmi twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi